Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Rəqabət Məcəlləsinin tətbiqi və ölkədə rəqabət mühitinin vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Deputat bildirib ki, 2024-cü il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsi inhisarçılığın məhdudlaşdırılması, azad rəqabətin təşviqi və sahibkarlar üçün bərabər imkanların yaradılması baxımından mühüm addımdır.
Ə.Məsimlinin sözlərinə görə, əsas məsələ Məcəllənin qəbulundan daha çox onun praktikada effektiv icrasıdır. Hazırda sənədin tam işləməsi üçün müəyyən institusional və əməli problemlər qalmaqdadır. Bazar subyektlərinin yeni qaydalara tam uyğunlaşması və səmərəli icra mexanizminin formalaşdırılması istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var.
Deputat qeyd edib ki, inhisarçılıq və haqsız rəqabət qiymət artımlarına, sahibkarlığın inkişafına və iqtisadiyyatın rəqabət qabiliyyətinə mənfi təsir göstərir.
Ə.Məsimli Rəqabət Məcəlləsinin daha effektiv tətbiqi üçün rəqəmsal monitorinq imkanlarının genişləndirilməsini, kartel sövdələşmələri və hökmran mövqedən sui-istifadəyə görə sanksiyaların sərtləşdirilməsini, dövlət satınalmalarında şəffaflığın artırılmasını və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsini vacib sayıb.
Onun fikrincə, Məcəllənin effektiv icrası azad rəqabətin və əlverişli biznes mühitinin formalaşmasına, investisiyaların və innovativ fəallığın artmasına, nəticə etibarilə iqtisadi artımın sürətlənməsinə ciddi təkan verə bilər.
Yenigun.Media xəbər verir ki, deputat Rəqabət Məcəlləsinin işlək və səmərəli icra mexanizminin formalaşdırılmasını əsas prioritetlərdən biri kimi qiymətləndirib.

