Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli pulsuz hüquqi yardım xidmətlərinin daha səmərəli təşkili, xüsusilə regionlarda yaşayan aztəminatlı vətəndaşlar üçün əlçatanlığının artırılması ilə bağlı bir sıra təkliflər irəli sürüb.
Yenigun.Media xəbər verir ki, deputat oktyabrın 30-da Milli Məclisin plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Əli Məsimli qanun layihəsini müsbət qiymətləndirərək bildirib ki, sənəd vətəndaşların maddi imkanından və yaşadığı ərazidən asılı olmayaraq dövlət hesabına hüquqi müdafiə imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, qanunun effektiv tətbiqi üçün ilk növbədə hədəf qruplarının əhatə dairəsi və layihənin ümumi maliyyə tutumu dəqiq hesablanmalıdır. O, dövlət büdcəsi ilə yanaşı, təhlükəsizlik şərtləri nəzərə alınmaqla alternativ maliyyə mənbələrinin və beynəlxalq donor mexanizmlərinin də araşdırılmasını təklif edib.
Əli Məsimli vurğulayıb ki, qanunun real nəticə verməsi üçün davamlı maliyyələşmə təmin olunmalı, vəkillərə dövlət hesabına göstərdikləri xidmətlərə görə ödənilən saathesabı məbləğ bazar qiymətlərinə uyğunlaşdırılmalıdır. Əks halda, aşağı ödənişlər peşəkar vəkillərin bu sahəyə marağını azalda və göstərilən xidmətlərin keyfiyyətinə mənfi təsir göstərə bilər.
Deputat digər mühüm məsələ kimi bürokratik maneələrin aradan qaldırılmasını göstərib. Onun təklifinə əsasən, vətəndaşların qanunla müəyyən edilmiş hədəf qruplarına aid olduğunu təsdiqləyən sənədlərin toplanması prosesi “Elektron hökumət” portalı üzərindən avtomatlaşdırılmalıdır.
Əli Məsimli həmçinin pulsuz hüquqi yardım göstərən vəkillərin fəaliyyətinə nəzarət və xidmət keyfiyyətinin qiymətləndirilməsi üçün effektiv monitorinq mexanizminin yaradılmasını vacib hesab edib.
Çıxışında regionlardakı vəziyyətə xüsusi diqqət çəkən deputat bildirib ki, Bakıdan kənarda, xüsusilə ucqar kəndlərdə yaşayan aztəminatlı vətəndaşların hüquqi xidmətlərə çıxışı genişləndirilməlidir. Bu məqsədlə bölgələrdə fəaliyyət göstərən vəkillər üçün stimullaşdırıcı güzəştlərin tətbiqini təklif edib.
Deputat, eyni zamanda, Milli Məclislə Vəkillər Kollegiyası arasında əməkdaşlığın genişləndirilməsini və rəqəmsal “Milli Məclis – Vəkillər Kollegiyası” platformasının yaradılmasını məqsədəuyğun sayıb.
Əli Məsimlinin fikrincə, deputatlara edilən müraciətlərin əhəmiyyətli hissəsi ailə, mülkiyyət, torpaq, pensiya və sosial müavinətlərlə bağlı hüquqi məsələləri əhatə edir. Bu baxımdan vahid elektron platforma və sistemli əməkdaşlıq mexanizmi vətəndaşların problemlərinin hüquqi müstəvidə həllinə əlavə dəstək verə bilər.
Deputat çıxışının yekununda bildirib ki, qanunun uğurlu icrası üçün regionlarda vəkillərin sayının artırılması, elektron xidmətlərin genişləndirilməsi, hüquqi yardım haqlarının real bazar şərtlərinə uyğunlaşdırılması və ucqar ərazilərdə çalışan vəkillərin stimullaşdırılması əsas prioritetlər olmalıdır.

