Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadi artım, investisiya xərcləri, inflyasiya, kölgə iqtisadiyyatı və regionların qazlaşdırılması ilə bağlı mühüm təkliflər səsləndirib.
Yenigun.Media xəbər verir ki, deputat noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərək gələn ilin dövlət büdcəsinin əsas istiqamətlərinə münasibət bildirib.
Əli Məsimli qeyd edib ki, Dövlət Neft Fondundan büdcəyə transfertlərin ardıcıl ikinci ildir azaldılması dövlət büdcəsində birbaşa neft amilinin payının aşağı salınması baxımından müsbət addımdır. Bununla yanaşı, büdcədə nəzərdə tutulan iqtisadi artım proqnozlarının hansı mənbələr hesabına təmin ediləcəyi sual doğurur.
Deputatın sözlərinə görə, cari ilin ilk 9 ayında ÜDM-in artımı 1,5 faiz, qeyri-neft-qaz sektorunda artım isə 2,6 faiz təşkil edib. Halbuki 2027-ci il üçün müvafiq göstəricilərin 2,7 və 4,4 faiz olacağı proqnozlaşdırılır.
Əli Məsimli hesab edir ki, bu hədəflərə çatmaq üçün iqtisadiyyatda kompleks, sistemli və davamlı islahatlar aparılmalıdır.
Deputat dövlət investisiya xərclərinin əhəmiyyətli dərəcədə artırılmasına da diqqət çəkib. O, dövlət əsaslı vəsait qoyuluşunun iqtisadiyyatın real sektoruna və ÜDM-in artımına təsirinin qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Tikinti-quraşdırma işlərində şəffaflığın artırılması, xərclərin optimallaşdırılması və Hesablama Palatasının tövsiyələrinin nəzərə alınması məsələlərini gündəmə gətirib.
Çıxışda sosial xərclərin artırılması ilə yanaşı, inflyasiya risklərinin də nəzərə alınmasının vacibliyi bildirilib. Deputat sosial xərclərin artımının qiymət artımı nəticəsində əhalinin real gəlirlərində gözlənilən müsbət təsirini itirməməsi üçün əlavə antiinflyasiya tədbirlərinin açıqlanmasını təklif edib.
Əli Məsimli kölgə iqtisadiyyatının leqallaşdırılması hesabına büdcə gəlirlərinin artırılması imkanlarına da toxunub. O, bu istiqamətdə mövcud potensialın nə qədər olduğunu və növbəti illərdə büdcəyə nə qədər əlavə vəsait cəlb edilə biləcəyini müəyyənləşdirməyin vacibliyini qeyd edib.
Deputatın diqqət çəkdiyi digər mühüm məsələ isə Şəki və Qax rayonlarının qazlaşdırılmamış kəndləri olub. O bildirib ki, kəndlərin qazlaşdırılmasının ləngiməsi meşələrin qırılması, ekoloji problemlər və sel təhlükəsinin artması ilə nəticələnə bilər.
Əli Məsimli hesab edir ki, qazlaşdırılmamış kəndlərin probleminin həlli daha 10 il gecikdirilərsə, bu müddətdə meşələrə, ekologiyaya və infrastrukturaya dəyəcək zərər əldə edilən maliyyə qənaəti ilə müqayisə olunmalıdır.
Deputat kəndlərin qazlaşdırılmasının sürətləndirilməsini regionların inkişafı və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması baxımından vacib hesab edib.
Əli Məsimlinin çıxışında əsas mesaj ondan ibarət olub ki, 2027-ci ilin dövlət büdcəsi yalnız maliyyə göstəriciləri ilə deyil, iqtisadi artıma, əhalinin sosial rifahına və regionların inkişafına real təsiri ilə də qiymətləndirilməlidir.

