Xidməti yanacağın mənimsənilməsində təqsirləndirilən Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin keçmiş rəis müavini, daxili xidmət general-mayoru Sergey Malkov ev dustaqlığı rejimini kobud şəkildə pozaraq Moskvadakı “Ukrayna” mehmanxanasının daxilində yerləşən “Christian” restoranında dincələrkən aşkar edilib.
Yenigun.Media xəbər verir ki, “İzvestiya” qəzetinin iş materiallarına istinadən verdiyi məlumata görə, sentyabrın 23-dən oktyabrın 21-dək qoyulmuş qadağaları dəfələrlə pozan generalın, həmçinin bu iş üzrə şahid qismində tanınan həyat yoldaşı ilə birgə yaşadığı məlum olub. Bu pozuntulardan sonra müstəntiqlərin müraciəti əsasında Moskvanın Meşşanski Məhkəməsi əvvəllər yüngülləşdirilərək ev dustaqlığı ilə əvəz olunmuş həbs qətimkan tədbirini ləğv edərək Malkovu yenidən istintaq təcridxanasına qaytarıb.
Qeyd edək ki, sentyabrın 7-də yanacaq mənimsəməsi ilə bağlı qanunsuz əməllərdə general Malkovla yanaşı, Daxili İşlər Nazirliyinin digər yüksəkrütbəli əməkdaşları və “Evrotrans” QSC-nin rəhbər şəxsləri də daxil olmaqla mütəşəkkil dəstə üzvləri ittiham olunur. Rusiya Daxili İşlər Nazirliyinin İstintaq Departamenti tərəfindən cinayət məcəlləsinin mənimsəmə maddəsi ilə araşdırılan bu səs-küylü iş üzrə saxlanılan bütün fiqurlar barəsində həbs qətimkan tədbiri seçilib.


