Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Fatma Yıldırım: 20 sentyabr Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu tarixdir

Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub.

Bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım Yenigun.Media-ya açıqlamasında bildirib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərlə Azərbaycanın ərazi bütövlüyü bərpa edilsə də, Qarabağda Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin mövcudluğu və qanunsuz hərbi-siyasi qurumun fəaliyyətini davam etdirməsi ölkəmizin suverenliyinə təhdid olaraq qalırdı:

“2023-cü ilin sentyabrında baş verən təxribatlar vəziyyəti daha da gərginləşdirdi. Belə bir şəraitdə Azərbaycan öz suveren ərazisində konstitusiya quruluşunun bərpası, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və təhlükəsizliyin təmin olunması məqsədilə antiterror tədbirlərinə başladı.

Qısa müddət ərzində Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş hazırlığı və hərbi qüdrəti nəticəsində qarşı tərəf silahı yerə qoymağa və təslim olmağa məcbur oldu. Sentyabrın 20-də əldə olunan razılaşma antiterror tədbirlərinin nəticəsini rəsmiləşdirən mühüm tarixi hadisə oldu”.

Fatma Yıldırımın sözlərinə görə, razılaşmanın əsas şərtləri Azərbaycanın dövlət suverenliyinin təmin olunması baxımından prinsipial əhəmiyyət daşıyırdı:

“Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni silahlı dəstələrin silahı yerə qoyması, döyüş mövqelərini və hərbi postları tərk etməsi, tam tərksilah olunması, ağır texnika və silah-sursatın təhvil verilməsi nəzərdə tutulurdu. Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsi və qeyri-qanuni silahlı dəstələrin buraxılması prosesi başladı.

Antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağda fəaliyyət göstərən qanunsuz qurum da özünü buraxmağa məcbur oldu. Bununla Azərbaycan Respublikasının Konstitusiyasının qüvvəsi və dövlət hakimiyyəti ölkəmizin bütün ərazisində bərpa edildi”.

Deputat vurğulayıb ki, 20 sentyabr 2023-cü il Azərbaycan tarixində dövlət suverenliyinin tam bərpa olunduğu gün kimi xüsusi əhəmiyyət daşıyır:

“Bu tarixi nəticə Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmində olduğunu bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun gücü və xalqımızın milli həmrəyliyi nəticəsində uzun illər davam edən işğalın ağır nəticələri aradan qaldırıldı və ölkəmizin bütün ərazisində dövlət hakimiyyəti bərpa edildi.

Bu Qələbə şəhidlərimizin qanı və canı bahasına əldə olunub. Vətən müharibəsində və antiterror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edirik. Onların qəhrəmanlığı Azərbaycan tarixinin şanlı səhifələrində əbədi yaşayacaq”.

Fatma Yıldırım bildirib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri tarixi Zəfərin real nəticələridir:

“Bu gün üçrəngli Azərbaycan Bayrağının Qarabağda dalğalanması, şəhər və kəndlərimizin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması böyük Zəfərin nəticəsidir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng layihələr, quruculuq işləri və Böyük Qayıdış proqramı dövlətimizin gücünü və iradəsini nümayiş etdirir. Bizim əsas vəzifəmiz əldə etdiyimiz Zəfəri qorumaq, Qarabağımızı daha da inkişaf etdirmək, doğma torpaqlarımızı sürətlə dirçəltmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır”.

Yenigun.Media