Milli Məclisin deputatı Fatma Yıldırım Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin elan edilməsinin 43-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Yenigun.Media xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Fatma Yıldırım bildirib ki, noyabrın 18-də deputat həmkarları ilə birlikdə iştirak etdiyi tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr türklərinə göstərdiyi diqqət və dəstək xüsusi minnətdarlıqla qeyd olunub.
Tədbirdə dövlət başçısının Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş siyasətinin Azərbaycan-Şimali Kipr münasibətlərinin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Deputat qeyd edib ki, 2024-cü ildə Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin parlamentləri arasında dostluq qrupunun yaradılması əlaqələrin inkişafı baxımından mühüm addım olub. Bu təşəbbüs siyasi dialoqun genişləndirilməsi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradıb.
Fatma Yıldırım Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. O, parlamentlərarası əməkdaşlığın əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyini bildirib.
Yenigun.Media

