Əsas məzmuna keç
26 Avqust 2026, Çərşənbə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Gündəm

Fatma Yıldırım: Laçın Böyük Qayıdışın və yeni həyatın parlaq simvoludur

YENİGÜN.MEDİAREKLAM728 × 90

Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Fatma Yıldırım 26 Avqust – Laçın Şəhəri Günü münasibətilə paylaşım edib.

Deputat bildirib ki, bu əlamətdar tarix Azərbaycanın ərazi bütövlüyünün və milli iradəsinin təcəssümüdür. Onun sözlərinə görə, qədim tarixi, zəngin mədəni irsi və strateji mövqeyi ilə seçilən Laçın uzun illər işğal altında qalsa da, Vətən müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində doğma sahibinə qovuşub.

Fatma Yıldırım qeyd edib ki, 1992-ci il mayın 18-də Laçının işğalından sonra rayonun əhalisi doğma yurdundan didərgin salınıb, tarixi-mədəni irsə və infrastruktura ciddi ziyan vurulub. 2020-ci il dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə bu tarixi ədalətsizliyə son qoyulub.

Deputatın sözlərinə görə, Laçın hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış və quruculuq prosesinin ən mühüm ünvanlarından biridir. Şəhərdə yeni yaşayış məhəllələri, məktəblər, səhiyyə və sosial obyektlər inşa edilir, turizm və iqtisadi layihələr həyata keçirilir.

Paylaşımda Laçının yaşıl enerji potensialına da xüsusi diqqət çəkilib. Bildirilib ki, rayonun elektrik tələbatının yaşıl enerji hesabına qarşılanması Laçının Azərbaycanın “yaşıl enerji zonası” konsepsiyasının əsas mərkəzlərindən birinə çevrildiyini göstərir.

Fatma Yıldırım Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolunun və digər infrastruktur layihələrinin bölgənin nəqliyyat, turizm və iqtisadi imkanlarını genişləndirdiyini vurğulayıb.

Deputatın paylaşımında Laçın sakinlərinin doğma yurda qayıdışı xüsusi yer tutub. Bildirilib ki, 2023-cü il mayın 28-dən başlayan Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin Laçın şəhərinə və rayonun kəndlərinə mərhələli şəkildə köçürülməsi davam edir.

Laçında aqro-sənaye, mebel, tikiş, ayaqqabı istehsalı və digər sahələrdə yaradılan müəssisələrin isə yeni iş yerlərinin açılmasına və rayonun iqtisadi potensialının gücləndirilməsinə xidmət etdiyi qeyd olunub.

Deputat həmçinin Laçının 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı elan edilməsini şəhərin beynəlxalq və mədəni nüfuzunun göstəricilərindən biri kimi qiymətləndirib.

Fatma Yıldırım paylaşımının sonunda Laçının bundan sonra da sürətlə inkişaf edəcəyini, Böyük Qayıdışın genişlənəcəyini və şəhərin Qarabağda qurulan yeni həyatın ən parlaq simvollarından birinə çevriləcəyini vurğulayıb.

“26 Avqust – Laçın Şəhəri Günü” münasibətilə bütün laçınlıları və xalqımızı ürəkdən təbrik edirəm”, – deyə deputat qeyd edib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600