“Sentyabrın 2-də tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı mühüm qərarın ictimaiyyətə təqdim olunması Azərbaycan dövlətinin insan amilinə, xüsusilə də səhiyyə sahəsində çalışan insanların əməyinə verdiyi yüksək dəyərin növbəti göstəricisidir”.
Bunu Milli Məclisin deputatı Fatma Yıldırım Yenigun.Media-ya açıqlamasında deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması və səhiyyədə insan kapitalının gücləndirilməsi ilə bağlı təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
“72 mindən çox tibb işçisini əhatə edən bu qərarı yüksək qiymətləndirirəm. Həkimlərin, tibb bacılarının və digər səhiyyə işçilərinin əməyinin layiqincə qiymətləndirilməsi həm onların sosial rifahının yüksəlməsinə, həm də səhiyyə sisteminin inkişafına mühüm stimul verəcək.
Xüsusilə regionlarda ixtisaslı həkim çatışmazlığı kimi problemlərin aradan qaldırılması baxımından bu cür addımlar böyük əhəmiyyət daşıyır. Çünki keyfiyyətli tibbi xidmət yalnız müasir xəstəxanalarla deyil, peşəkar, təcrübəli və motivasiyalı insan resursları ilə mümkündür”, – deyə Fatma Yıldırım vurğulayıb.
Millət vəkili qeyd edib ki, son illərdə Azərbaycanda səhiyyə infrastrukturunun yenilənməsi, müasir tibb müəssisələrinin yaradılması, icbari tibbi sığortanın tətbiqi və tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində mühüm işlər həyata keçirilib.
“ Tibb işçilərinin əməkhaqlarının artırılması isə bu siyasətin məntiqi davamıdır. İnanıram ki, qəbul edilən qərar səhiyyə işçilərinin əməyinə yeni stimul verəcək, xüsusilə regionlarda kadr potensialının gücləndirilməsinə və vətəndaşlarımıza göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəlməsinə mühüm töhfə verəcək.
İnsan sağlamlığına xidmət edən hər bir tibb işçisinin əməyinə verilən bu dəyər təqdirəlayiqdir”, – deyə deputat əlavə edib.

