ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisi kimi qiymətləndirilir.
Milli Məclisin deputatı Fatma Yıldırım bu barədə Yenigun.Media-ya açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, dəvət Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş, müstəqil xarici siyasət yürüdən və regional, eləcə də qlobal məsələlərin həllinə töhfə verən dövlət kimi qəbul olunmasını nümayiş etdirir.
Fatma Yıldırım qeyd edib ki, dünyanın aparıcı iqtisadiyyatlarının və siyasi güc mərkəzlərinin təmsil olunduğu G20 platformasına dəvət Azərbaycanın beynəlxalq nüfuzu baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-logistika, regional əməkdaşlıq, iqlim dəyişiklikləri və qlobal iqtisadi məsələlərdə müxtəlif təşəbbüslərlə çıxış edir.
Deputat Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin də ölkənin qlobal proseslərdə iştirakının və beynəlxalq əməkdaşlıq imkanlarının göstəricisi olduğunu vurğulayıb.
Fatma Yıldırım hesab edir ki, ABŞ Prezidentinin dəvəti Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından da əhəmiyyət daşıyır.
Deputat bildirib ki, Prezident İlham Əliyevin G20 sammitində iştirakı Azərbaycanın mövqeyinin beynəlxalq platformada ifadə olunması, strateji maraqlarının təşviqi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm fürsət yaradacaq.
Qeyd edək ki, G20 dünyanın aparıcı inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarını birləşdirən beynəlxalq platformadır.

