Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Fatma Yıldırım: Yeni Azərbaycan Partiyası dövlətçilik tariximizin mühüm mərhələsində yaranıb

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə Milli Məclisin deputatı Fatma Yıldırım partiyanın yaranma tarixinin əhəmiyyətindən, Azərbaycanın dövlətçilik tarixindəki rolundan və qarşıda duran vəzifələrdən danışıb.

Deputat bu barədə Yenigun.Media-ya açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycan tarixində mühüm siyasi hadisələrdən, dövlətçilik tariximizin əlamətdar səhifələrindən biridir.

Fatma Yıldırım qeyd edib ki, YAP Azərbaycanın müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi, siyasi və iqtisadi böhranın dərinləşdiyi mürəkkəb tarixi şəraitdə yaradılıb. Həmin dövrdə ölkənin tanınmış ziyalıları, ictimai xadimləri və vətənini düşünən insanlar Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşərək yeni siyasi qüvvənin yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Deputatın sözlərinə görə, 1992-ci il oktyabrın 16-da “91-lər”in Heydər Əliyevə ünvanladığı müraciət xalqın güclü dövlətçilik və sabitlik istəyinin ifadəsi idi. Ulu Öndərin müraciətə müsbət cavab verməsi və partiyanın yaradılmasına razılıq göstərməsi Azərbaycanın gələcək inkişafı baxımından tarixi əhəmiyyət daşıyıb.

O vurğulayıb ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edilib, partiyanın Nizamnaməsi və Proqramı təsdiqlənib. Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib.

Fatma Yıldırım bildirib ki, qısa müddətdə xalqın dəstəyini qazanan YAP Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın yaranması ölkənin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayıb.

Deputat diqqətə çatdırıb ki, bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyəti Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsinin göstəricisidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, iqtisadi və siyasi qüdrətini artırıb, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

O, 2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII qurultayının da xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, qurultayda müəyyənləşdirilən strateji hədəflər və qəbul edilən qərarlar partiyanın gələcək fəaliyyətinin istiqamətlərini müəyyən edir.

Deputatın fikrincə, hazırda 769 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, həm də milli maraqlar, dövlətçilik ideyası və ümumxalq həmrəyliyi ətrafında formalaşmış böyük ictimai-siyasi qüvvədir.

Fatma Yıldırım əminliyini ifadə edib ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinə sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da güclənməsi, davamlı inkişafı və yeni hədəflərə çatması naminə öz missiyasını uğurla davam etdirəcək.

Sonda deputat Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə bütün partiya üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.