Milli Məclisin deputatı Fatma Yıldırım 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Yenigun.Media xəbər verir ki, deputat bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində ən şanlı və qürurverici səhifələrdən biridir. Bu möhtəşəm tarix xalqımızın illərlə qəlbində yaşatdığı torpaq həsrətinin sona çatdığı, tarixi ədalətin bərpa olunduğu, milli iradəmizin və dövlətimizin gücünün bütün dünyaya nümayiş etdirildiyi gündür.
Fatma Yıldırım qeyd edib ki, 1988-ci ildən başlayan Qarabağ hadisələri və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti xalqımıza ağır faciələr yaşadıb. Bir milyondan çox soydaşımız doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb, tarixi-mədəni irsimizə qarşı vandalizm aktları törədilib. Uzun illər davam edən işğala və nəticəsiz danışıqlara baxmayaraq, Azərbaycan xalqı torpaqlarımızın azad olunacağına inamını qoruyub saxlayıb.
Deputat vurğulayıb ki, Azərbaycan dövləti bütün bu illər ərzində ərazi bütövlüyümüzün bərpasını əsas strateji hədəf kimi müəyyənləşdirib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin iqtisadi potensialının gücləndirilməsi, müasir ordu quruculuğu və müdafiə sənayesinin inkişafı tarixi Zəfərimizin möhkəm təməlini yaradıb.
Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi genişmiqyaslı hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı xalqımızın 30 ilə yaxın davam edən mübarizəsinin həlledici mərhələsi olub. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgəri və zabiti misilsiz qəhrəmanlıq, fədakarlıq və peşəkarlıq nümayiş etdirib. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun döyüş əzmi və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımız işğaldan azad edilib.
Fatma Yıldırım bildirib ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən, Azərbaycanın hərbi-siyasi üstünlüyünü nümayiş etdirən tarixi hadisə olub. Şuşa Zəfəri xalqımızın milli ruhunun, iradəsinin və yenilməzliyinin rəmzinə çevrilib.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik və informasiya müstəvisində qazandığı böyük Qələbədir. Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.
O, Zəfərin əsas amillərindən birinin xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik olduğunu vurğulayıb. Müharibə dövründə siyasi baxışlarından, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları vahid amal ətrafında birləşib. “Dəmir yumruq” xalqımızın birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzinə çevrilib.
Fatma Yıldırım diqqətə çatdırıb ki, 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması, həmin il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin bütün ərazisində tam bərpa edilməsi tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltması isə müasir tariximizin ən qürurverici hadisələrindən biridir.
Deputatın sözlərinə görə, bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, avtomobil yolları, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.
O, həmçinin şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. Şəhid ailələrinin mənzil və sosial təminatının yaxşılaşdırılması, qazilərin reabilitasiyası, məşğulluğunun təmin edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər dövlətin qəhrəman övladlarına verdiyi yüksək dəyərin ifadəsidir.
Fatma Yıldırım Azərbaycanın qazandığı tarixi Qələbənin regionda yeni siyasi reallıqlar yaratdığını da vurğulayıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşü və Birgə Bəyannamənin imzalanmasını regionda sülh gündəliyi baxımından mühüm mərhələ kimi qiymətləndirib.
Deputat qeyd edib ki, Zəfərimizin tarixi yaddaşlarda əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Zəfər Günü təsis edilib, Zəfər və Qarabağ ordenləri, Vətən Müharibəsi Qəhrəmanı fəxri adı və çoxsaylı medallar təsis olunub. Bakıda Zəfər parkının və Zəfər muzeyinin yaradılması qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Fatma Yıldırım bildirib ki, 8 Noyabr – Zəfər Günü güclü dövlətin, qüdrətli ordunun, milli birliyin və qətiyyətli liderliyin ən mürəkkəb tarixi sınaqlardan qalib çıxmaq üçün əsas şərtlər olduğunu bir daha nümayiş etdirir.
Deputat Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edib, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərimizə möhkəm cansağlığı arzulayıb.

