Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Gülxarə Tarverdiyeva: “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın sənaye xəritəsini yeniləyəcək”

“Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə ölkəmizin gələcək iqtisadi inkişaf strategiyası, qeyri-neft sektorunun şaxələndirilməsi və sənayenin strateji istiqamətlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə Yenigun.Media-ya açıqlamasında Ali Məclisin deputatı Gülxarə Tarverdiyeva bildirib.

Deputat qeyd edib ki, qarşıya qoyulan strateji hədəflər Azərbaycanın növbəti illərdə də qeyri-neft sektorunun inkişafını və sənayeləşməni prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini göstərir:

“Dağ-mədən və metallurgiya sənayesinin inkişafı xammal ixracından daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına keçid baxımından mühüm imkanlar açır. Filizlərin ölkə daxilində emal olunması, yarımhazır və hazır metal məhsullarının istehsalının genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə, həm də daha yüksək əlavə dəyərə malik məhsulların ixracına şərait yaradacaq.

Bu proses Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, sənaye potensialının artırılmasına və qeyri-neft sektorunun iqtisadiyyatda payının yüksəlməsinə mühüm töhfə verə bilər”.

Gülxarə Tarverdiyevanın sözlərinə görə, yeni istehsal müəssisələrinin yaradılması ilə yanaşı, regionlarda məşğulluq imkanlarının genişləndirilməsi də Dövlət Proqramının mühüm nəticələrindən biri olacaq:

“Yeni zavodların və istehsal sahələrinin fəaliyyətə başlaması, xüsusilə regionlarda yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır. Bu, minlərlə insanın daimi məşğulluğuna, regionların iqtisadi fəallığının yüksəlməsinə və yerli iqtisadi imkanların genişlənməsinə xidmət edə bilər.

Eyni zamanda, sənayenin inkişafı müasir texnologiyaların tətbiqi və ekoloji standartların qorunması ilə paralel aparılmalıdır. Ətraf mühitin mühafizəsi, resurslardan səmərəli istifadə və “yaşıl artım” prinsiplərinin tətbiqi yeni sənaye siyasətinin əsas tələblərindən biri olmalıdır.

Dağ-mədən və metallurgiya sənayesinin yeni inkişaf mərhələsi Azərbaycanın sənaye xəritəsinin yenilənməsinə, qeyri-neft sektorunun güclənməsinə və ölkənin iqtisadi potensialının daha da artırılmasına mühüm imkanlar yaradacaq”.

Gülxarə Tarverdiyeva vurğulayıb ki, əsas hədəf yalnız xammal istehsalını artırmaq deyil, həmin xammalın ölkə daxilində emalını genişləndirərək daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına nail olmaqdır.