Əsas məzmuna keç
27 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

“Hakimlərin Etik Davranış Kodeksi” yeni redaksiyada qəbul edildi

Yeni Kodeksdə hakimlərin media və sosial şəbəkələrlə münasibətləri, ictimai davranışı və etik mübahisələrin həlli ilə bağlı müddəalar yer alıb.Məhkəmə-Hüquq Şurası tərəfindən yeni redaksiyada qəbul edilən “Hakimlərin Etik Davranış Kodeksi” Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Yenigun.Media xəbər verir ki, yeni Kodeks hakimlərin peşə fəaliyyəti ilə yanaşı, işdənkənar davranışını və peşəkar etika prinsiplərini də tənzimləyir.

Sənədin əsas məqsədi hakimlərin yüksək peşə və etik davranış standartlarına riayət etməsini təmin etmək, məhkəmə hakimiyyətinin nüfuzunu möhkəmləndirmək və cəmiyyətdə məhkəmələrə ictimai etimadı qorumaqdır.

Kodeksdə hakimin müstəqilliyi, qərəzsizliyi və obyektivliyi, qanun və məhkəmə qarşısında bərabərliyin təmin edilməsi, vicdanlılıq və dürüstlük prinsipləri əksini tapıb. Bununla yanaşı, hakimlərin ictimai davranışı, sosial məsuliyyəti, media və sosial şəbəkələrlə münasibətləri, əmək və icra intizamı, eləcə də hakimlər arasında peşə həmrəyliyi məsələləri də sənəddə yer alıb.

Yeni Kodekslə bağlı diqqətçəkən məqamlardan biri Etik Davranış üzrə Etika Komissiyasının yaradılmasının nəzərdə tutulmasıdır. Komissiyanın etik davranış qaydaları ilə bağlı maarifləndirmə və mübahisələrin həlli istiqamətində fəaliyyət göstərməsi planlaşdırılır.

Qeyd edək ki, yeni redaksiyada Kodeksin qəbul edilməsi ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının 22 iyun 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş əvvəlki “Hakimlərin Etik Davranış Kodeksi” qüvvədən düşüb.