Hörmüz boğazında üç neft tankerinin dəniz minalarına düşərək yanması barədə məlumat yayılıb.
Yenigun.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın hərbi dəniz qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamalarında bildirilib.
İran ordusunun Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, tankerlərdən biri boğazın şərqində yerləşən ərazidə minaya düşərək hərəkətsiz vəziyyətə gəlib və yanğın baş verib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri isə digər iki tankerin Hörmüz boğazının cənub hissəsindən keçərkən minaya düşdüyünü iddia edib.
İran tərəfi gəmilərin izləmə sistemlərini söndürərək məhdudlaşdırılmış ərazilərə daxil olmasının ciddi təhlükə yaratdığını bildirib.
Hadisələrlə bağlı məlumatlar İranın rəsmi mənbələrinə əsaslanır. Tankerlərin vəziyyəti və hadisələrin bütün təfərrüatları barədə müstəqil təsdiqlənmiş məlumatlar hələlik məhduddur.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir.

