Azərbaycanda müasir intensiv bağların sahəsinin 70 min hektara çatdırılması hədəflənir.
Yenigun.Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 7-də Ağdaşda keçirilən II Heyva Festivalı və Aqrar Biznes Festivalında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində aqrar sahənin inkişafı, o cümlədən meyvəçiliyin genişləndirilməsi istiqamətində mühüm hədəflər müəyyənləşdirilib.
Onun sözlərinə görə, dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müasir intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara çatdırılması nəzərdə tutulub.
Məcnun Məmmədov vurğulayıb ki, Ağdaşda təşkil edilən Heyva Festivalı rayonun aqrar potensialının, fermerlərin istehsal etdiyi məhsulların və müasir aqrar texnologiyaların nümayişi baxımından mühüm platformadır.

