Azərbaycanın dövlət sərhədində silahlı insident baş verib.
Yenigun.Media xəbər verir ki, hadisə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.
Belə ki, dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı İran İslam Respublikasından Azərbaycan istiqamətinə hərəkət edən sərhəd pozucularını müşahidə edib.
Dərhal sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, ərazi qapadılıb və sərhəd pozuntusunun qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.
Sərhədçilərin “Dayan” əmrinə tabe olmayan şəxslər təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucularından biri silahlı müqavimət göstərərək sərhədçilərə atəş açıb.
Saxlanılması məqsədilə qanuni tələblərə məhəl qoymayan şəxsə qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib və sərhəd pozucusu zərərsizləşdirilib.
Hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

