İsrail Türkiyəni Suriyada “təhlükəli macəralara” sürüklənməkdə ittiham edib. Ankara isə İsrailin iddialarını rədd edərək Suriyada hərbi mövcudluğunun olmadığını açıqlayıb.
Yenigun.Media xarici mediaya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Suriyada gərginliyi artırmaqda ittiham edib.
Katz bildirib ki, İsrail Suriyadakı təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı addıma imkan verməyəcək.
Bu açıqlama İsrail ordusunun həftənin əvvəlində Suriyanın şimalındakı Əbu əl-Duhur hava bazasına zərbə endirməsindən sonra səslənib. İsrail tərəfi Türkiyənin həmin ərazidə hərbi mövcudluq yaratmağa hazırlaşdığını iddia edib.
Türkiyə Müdafiə Nazirliyi isə İsrailin iddialarını qəti şəkildə rədd edib. Nazirlik bildirib ki, hücumdan əvvəl və ya hücum zamanı hava bazasında Türkiyəyə məxsus hərbi nümayəndə heyəti olmayıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da Ankaranın İsrailin yaratdığı “tələyə düşməyəcəyini” açıqlayıb.
Digər tərəfdən, Türkiyə, Misir və Qətər İsrailin Qəzza zolağına son hava hücumlarını pisləyib. Üç ölkə İsraili atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.
Yaxın Şərqdə gərginlik fonunda ABŞ-a məxsus yeni aviadaşıyıcı zərbə qrupu da bölgəyə gəlib. ABŞ Mərkəzi Komandanlığı “George Washington” aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqdə fəaliyyətə başladığını açıqlayıb.

