Əsas məzmuna keç
27 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Kəndlərdə qaz, işıq, su iki dəfə ucuzlaşmalıdır… – Deputat

Kənddən şəhərə axın hamımızı narahat edir. İnsanlarımızın kəndlərdən şəhərə axınının qarşısını almaq üçün bir neçə yollar mövcuddur. Bu yollardan biri kənd təsərrüfatının inkişafı idi, hansı ki, bununla bağlı artıq ciddi addımlar atılıb, Aqrar sahə, Məhsul sertifikatı haqqında yeni qanunlar qəbul olunur.

Yenigun.Media xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev kənd yerlərində əhalinin məskunlaşmasını həvəsləndirəcək sosial-iqtisadi güzəştlər və yeni stimullaşdırıcı təklifləri şərh edərkən bildirib.

Kəndli üçün kommunal xidmət haqqı ucuz olmalıdır…

Millət vəkili kənd və şəhər əhalisinin kommunal xərclərindəki bərabərsizliyin aradan qaldırılmasını təklif edib:

“Bütün bu qanunvericilik addımlarının fövqündə kənddən şəhərə axının qarşısını almaq üçün bir neçə təklifi mən parlamentdə də səsləndirmişəm. Birinci növbədə kəndlə şəhər arasında kommunal ödənişlərdə fərq olmalıdır. Kənddə yaşayanla şəhərdə yaşayan eyni şəkildə qaz, işıq, su və digər kommunal xidmətlərə görə eyni məbləğ ödəməli deyil. Ən azından heç olmasa, kəndlilər üçün bu məbləğ bir dəfə az olmalıdır”.

Kəndliyə güzəştli kredit və ucuz ipoteka imkanı…

MCP başqanı kənd yerlərində yaşamaq və ev sahibi olmaq istəyənlər üçün maliyyə əlçatanlığının vacibliyini vurğulayıb:

“Kənddə yaşayanların kredit faizlərinə çıxışı daha az məbləğdə olmalıdır. Vətəndaş bilməlidir ki, gedib kənddə yaşayıb, kənddə işləyirsə, onun bank faizi daha az olacaq. Eyni zamanda kənddə və rayonda yaşayanların ipoteka xərcləri az olmalıdır. Məsələn, orada ipoteka ilə kimsə ev tikib, ev alıb yaşamaq istəyirsə, kredit şərtləri aşağı səviyyədə olmalıdır. Həmçinin, kənddə və rayonda işləyib yaşamaq istəyənlər üçün ipoteka kreditləri asanlaşdırılmalı və ucuzlaşdırılmalıdır”.

Maddi stimullar yaradılarsa, insanlar kəndə qayıdacaq…

Parlamentari kənd həyatının üstünlüklərini və iqtisadi qazanc amilini önə çəkərək fikirlərini yekunlaşdırıb:

“Əgər bu stimullar onlar üçün verilsə və yaradılsa, təbii ki, bir çox insan da kəndlərə qayıdar. Kənddə yaşamaq üçün gərək kəndin qazancı ola. O baxımdan kənddə bu stimullar yaradılsa, insanlar da kəndə qayıdar. Bu gün düşünürəm ki, kənddə yaşamaq həqiqətən də gözəldir”.