Kolumbiyanın mərkəzində yerləşən Kundinamarka departamentində kömür mədənində baş verən partlayış nəticəsində 6 mədənçi həlak olub.
Yenigun.media xəbər verir ki, hadisə Kukunuba şəhərindəki “El Porvenir 1” kömür mədənində qeydə alınıb.
Kundinamarka qubernatoru Xorxe Emilio Rey xilasetmə əməliyyatının başa çatdığını və mədəndə qalan 6 nəfərin ölü tapıldığını açıqlayıb: “Kukunubadakı “El Porvenir 1” mədənində qalmış altı nəfərin ölü tapıldığını təəssüflə bildiririk”.
Yoxlama zamanı təhlükəsizliklə bağlı təkmilləşdirilməsinə ehtiyac olan problemlər müəyyən edilib. Bundan sonra təkmilləşdirmə planı həyata keçirilənədək mədəndə işlərin dayandırılması barədə qərar verilib.
Xorxe Emilio Rey bildirib ki, səlahiyyətli qurumlar işlərin dayandırılması barədə göstəriş verməsinə baxmayaraq, mədəndə niyə material çıxarılmasına davam edildiyini araşdıracaq.

