26 avqust Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Laçın şəhərinin işğaldan azad edilərək Azərbaycanın nəzarətinə qaytarılmasının ildönümü kimi yaddaşlarda yaşayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqustun Laçın Şəhəri Günü elan edilməsi isə bu mühüm tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin göstəricisidir.Laçının tarixi qədim və zəngindir. Coğrafi mövqeyi, zəngin təbiəti və strateji əhəmiyyəti şəhəri Azərbaycanın mühüm bölgələrindən birinə çevirib. Lakin 1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması rayonun tarixində ən ağır səhifələrdən birini yaradıb. İşğal nəticəsində laçınlılar doğma yurdlarından didərgin salınıb, rayonun infrastrukturu və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalıb.2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər ərazi bütövlüyümüzün bərpasında həlledici mərhələ oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarıldı. 26 avqust 2022-ci ildə isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bununla Laçının tarixində yeni mərhələ başladı.
Bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Yenigun.Media-ya açıqlamasında deyib.
Deputat bildirib ki, Laçının azadlığı uğrunda Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq dövlət tərəfindən yüksək qiymətləndirilib:
“Bu gün Laçın bizim üçün yalnız azad edilmiş ərazi deyil. Laçın həm də şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan Ordusunun gücü hesabına yenidən həyatın qayıtdığı müqəddəs məkandır. Bu qələbənin əldə olunmasında iştirak edən hərbçilərimizin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib”.
Ülviyyə Həmzəyeva qeyd edib ki, Laçında aparılan genişmiqyaslı quruculuq işləri şəhərin gələcək inkişafının möhkəm təməlini formalaşdırır:
“Bu gün Laçın müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Yaşayış binaları, məktəblər, uşaq bağçaları, səhiyyə və mədəniyyət müəssisələri, yollar və digər sosial obyektlər yaradılır. 2040-cı ilədək inkişafı nəzərdə tutan Baş Plan Laçının gələcək simasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Deputatın sözlərinə görə, Laçının inkişafında “Böyük Qayıdış” proqramı xüsusi yer tutur:
“Ən böyük və ən sevindirici məqam laçınlıların doğma torpaqlarına qayıtmasıdır. İnsanların uzun illərdən sonra öz evlərinə dönməsi sadəcə məskunlaşma deyil, həyatın yenidən bərpasıdır. Laçında yeni məktəblərin, sosial obyektlərin və yaşayış məhəllələrinin yaradılması insanların burada rahat və təhlükəsiz yaşamasına imkan verir”.
Ülviyyə Həmzəyeva Laçının Azərbaycanın yaşıl enerji siyasətində də mühüm rol oynadığını vurğulayıb:
“Rayonda su elektrik stansiyalarının yaradılması Laçının enerji potensialından səmərəli istifadə etməyə imkan verir. Yeni enerji layihələri ilə yanaşı, Həkəriçay su anbarının yaradılması da həm su təminatı, həm də gələcək enerji imkanları baxımından strateji əhəmiyyət daşıyır. Laçının yaşıl enerji mərkəzinə çevrilməsi bölgənin gələcək iqtisadi inkişafına mühüm töhfə verəcək”.
Deputat Laçının nəqliyyat və turizm imkanlarının genişlənməsinə də diqqət çəkib:
“Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, yeni avtomobil yollarının və tunellərin inşası şəhərin ölkənin digər bölgələri ilə əlaqələrini daha da gücləndirir. Laçının təbiəti, Həkəri çayı, dağları və meşələri isə onun turizm potensialını artırır. Burada yaradılan istirahət və turizm infrastrukturu gələcəkdə Laçının regionun əsas turizm mərkəzlərindən birinə çevrilməsinə imkan verəcək”.
Ülviyyə Həmzəyeva bildirib ki, Laçının bərpası iqtisadi həyatın formalaşdırılması ilə də müşayiət olunur:
“İstehsal müəssisələrinin, aqro-sənaye və digər iqtisadi layihələrin yaradılması yerli əhalinin məşğulluğuna şərait yaradır. Bu, Laçının yalnız fiziki olaraq yenidən qurulması deyil, burada dayanıqlı sosial-iqtisadi həyatın formalaşdırılması deməkdir”.
Deputat Laçının mədəni inkişaf perspektivlərini də xüsusi qeyd edib:
“Laçının mədəniyyət paytaxtı kimi beynəlxalq səviyyədə diqqət mərkəzinə çıxması şəhərin tarixi və mədəni potensialının tanıdılması üçün yeni imkanlar yaradır. Mədəni irsin qorunması, yeni yaradıcılıq layihələrinin həyata keçirilməsi və turizmin inkişafı Laçının gələcək simasının mühüm hissəsi olacaq”.
Deputat vurğulayıb ki, 26 avqust Laçının keçmişi ilə bu günü və gələcəyi arasında mühüm mənəvi bağ yaradır:
“Laçının keçmişi bizim tarixi yaddaşımızdır, bu günü Azərbaycanın quruculuq siyasətinin nəticəsidir, gələcəyi isə Böyük Qayıdışın və Qarabağla Şərqi Zəngəzurda yeni həyatın mühüm hissəsidir. 26 avqust – Laçın Şəhəri Günü həm qələbəmizi, həm şəhid və qazilərimizin fədakarlığını, həm də doğma torpaqlarına qayıdan insanların sevincini özündə birləşdirən əlamətdar gündür. Bu gün Laçın yenidən yaşayır və inkişaf edir”.

