Yenigun.Media xəbər verir ki, 26 avqust Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılmasının ildönümü ilə yanaşı, şəhərin yeni inkişaf tarixinin rəmzi günlərindən biridir.
2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldıqdan sonra bölgədə yeni mərhələ başlayıb. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilib. Prezident İlham Əliyevin sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü elan olunub.
İşğaldan azad edilməsindən ötən müddətdə Laçında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin simasını tamamilə dəyişib. Yeni yollar, yaşayış məhəllələri, sosial obyektlər və digər infrastruktur layihələri Laçının yenidən Azərbaycanın mühüm yaşayış və iqtisadi mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradıb.
Laçının iqtisadi göstəricilərindəki dəyişiklik isə bu inkişafın miqyasını daha aydın göstərir. 2020-ci ildə rayonun əsas iqtisadi sahələri üzrə məhsul buraxılışı cəmi 42 milyon manat təşkil etdiyi halda, hazırda bu göstərici 1 milyard manatı ötüb.
Başqa sözlə, Laçın iqtisadiyyatı işğaldan azad olunandan sonra təxminən 25 dəfə böyüyüb.
Rayonda ən böyük iqtisadi fəallıq tikinti sektorunda müşahidə olunur. Bu sahədə məhsul buraxılışı 899 milyon manata çatıb. Sənaye sektorunda 65 milyon manat, kənd təsərrüfatında isə 49 milyon manatlıq məhsul istehsal olunub.
2025-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən investisiyaların ümumi həcminin 5 milyard manatdan çox olması da quruculuq prosesinin miqyasını göstərir. Bu vəsaitin 4,4 milyard manatı dövlət büdcəsindən ayrılıb.
Beləliklə, bir vaxtlar işğalın ağır nəticələri ilə üz-üzə qalan Laçın bu gün tamamilə fərqli mənzərə təqdim edir. Şəhər sürətli bərpa prosesi ilə yanaşı, iqtisadi fəallığın, yeni məskunlaşmanın və dayanıqlı inkişafın əsas ünvanlarından birinə çevrilir.
Laçının tarixi qayıdışı artıq keçmişin zəfəri deyil, gələcəyin inkişaf hekayəsidir.

