Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycanda startap ekosisteminin inkişafı ilə bağlı mühüm təkliflər səsləndirib.
Deputat bu fikirləri Prezident tərəfindən dəyişikliklərlə geri qaytarılmış və Milli Məclisdə yenidən müzakirəyə çıxarılan qanun layihəsi ilə bağlı açıqlamasında bildirib. Qanun layihəsi 30 sentyabr 2026-cı ildə parlamentdə müzakirə olunub və birinci oxunuşda qəbul edilib.
Razi Nurullayev Prezident tərəfindən qanun layihəsinə təqdim olunan dəyişiklikləri müsbət qiymətləndirib.
Deputatın sözlərinə görə, layihədə startaplara, texnologiyalar parklarına, investorlara və yüksək ixtisaslı mütəxəssislərə ciddi güzəştlər nəzərdə tutulur.
Xüsusilə “Startap” şəhadətnaməsi olan mikro və kiçik sahibkarlar üçün güzəşt müddətinin 3 ildən 7 ilə artırılmasını, vençur investisiyalarının təşviqini və innovativ məhsulların dövlət satınalmalarında pilot qaydada sınaqdan keçirilməsini vacib yeniliklər kimi qiymətləndirən deputat bir məqama diqqət çəkib.
“Startapa güzəşt vermək hələ startap ekosistemi yaratmaq demək deyil”, – Razi Nurullayev bildirib.
Deputat hesab edir ki, əsas diqqət startaplara verilən güzəştlərin nəticələrinin ölçülməsinə yönəlməlidir.
“Startap 7 il vergi güzəşti aldı, bəs sonra nə oldu? Neçə nəfəri işlə təmin etdi? Nə qədər özəl investisiya cəlb etdi? Neçə məhsulu xarici bazara çıxardı? Neçəsi beş ildən sonra fəaliyyətini davam etdirdi?” – deyə deputat suallar səsləndirib.
Razi Nurullayev startaplara dövlət dəstəyinin nəticələrini ölçən vahid sistemin yaradılmasını və hər il ictimai hesabat hazırlanmasını təklif edib.
Onun sözlərinə görə, bu hesabatlarda neçə startapın şəhadətnamə aldığı, neçəsinin fəaliyyətini davam etdirdiyi, nə qədər investisiya cəlb olunduğu, nə qədər məhsul ixrac edildiyi və neçə yüksək maaşlı iş yerinin yaradıldığı göstərilməlidir.
Deputat universitetlərin də innovasiya ekosistemində rolunun artırılmasını vacib hesab edir. O bildirib ki, universitetlərdə və laboratoriyalarda yaranan ideyaların bazara çıxarılması, patentlərin kommersiyalaşdırılması və özəl investorlarla əməkdaşlıq üçün sadə mexanizmlər yaradılmalıdır.
Dövlət satınalmaları məsələsinə toxunan Razi Nurullayev yerli innovativ məhsulların dövlət qurumları tərəfindən real şəraitdə sınaqdan keçirilməsinin vacibliyini vurğulayıb.
Deputat həmçinin erkən mərhələdə olan startapların maliyyələşdirilməsi üçün yeni mexanizmlərin müzakirə edilməsini təklif edib. Onun sözlərinə görə, vergi güzəştləri investor üçün vacib olsa da, startapların əsas problemlərindən biri ilkin mərhələdə maliyyə tapmaqdır.
Razi Nurullayev yüksək ixtisaslı İT mütəxəssislərinin ölkəyə gəlməsinin asanlaşdırılmasını da müsbət qiymətləndirib və paralel olaraq Azərbaycan gənclərinin yüksək ixtisaslı mütəxəssislərə çevrilməsi üçün universitet–şirkət–startap əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib.
“Məqsədimiz çoxlu “Startap” şəhadətnaməsi vermək olmamalıdır. Məqsədimiz Azərbaycanda yaranan ideyanın Azərbaycanda şirkətə, şirkətin isə dünya bazarına çıxan məhsula çevrilməsidir”, – deputat vurğulayıb.

