Türkiyənin CHP partiyasından Ədirnə millət vəkili Ahmet Baran Yazgan bir qadına təcavüz etdiyi iddiası ilə partiyadan qəti xaric edilmə tələbi ilə intizam komitəsinə göndərilib.
Yenigun.media xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma başladıb. İş üzrə qadının polisə verdiyi ifadə də ortaya çıxıb.
İddiaya görə, hadisə zamanı Yazgan hamamdan çıxdıqdan sonra qadından dəsmal istəyib. Qadın dəsmalı vermək istəyərkən deputatın onun belindən qucaqlayaraq özünə tərəf çəkdiyini və öpməyə çalışdığını bildirib.
Qadın ifadəsində deputatın onu qısa müddət dodağından öpdüyünü, bundan sonra isə hamamdan çıxaraq hadisədən narahat olduğunu dostlarına söylədiyini qeyd edib.
Hadisənin davamında evdə mübahisə düşdüyü, deputatın təhqir və söyüşlər işlətdiyi, əşyaları sındırdığı və qadının da təzyiqə məruz qaldığını iddia etdiyi bildirilib.
Qadın baş verənləri telefonla görüntüyə aldığını və məqsədinin görüntüləri sosial şəbəkələrdə paylaşmaq deyil, özünü və qızını qorumaq olduğunu deyib.
CHP sözçüsü Müslim Sarı isə Yazganın hadisə ilə bağlı “qəti xaric edilmə” tələbi ilə intizam komitəsinə göndərildiyini açıqlayıb. Hadisə ilə bağlı hüquqi araşdırma davam edir.
Yenigun.media

