Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Müşfiq Məmmədli dövlət müəssisələrinin maliyyə nəzarəti və xaricdə təhsil proqramı ilə bağlı təkliflər irəli sürdü

Milli Məclisin deputatı Müşfiq Məmmədli 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı dövlət müəssisələrinin maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsi və xaricdə təhsil üzrə Dövlət Proqramının səmərəliliyinin artırılması ilə bağlı bir sıra təkliflərlə çıxış edib.

Yenigun.Media xəbər verir ki, deputat parlamentin plenar iclasında çıxışı zamanı 2027-ci ilin dövlət büdcəsi layihəsinin ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə və vətəndaşların rifahının yüksəldilməsinə xidmət etdiyini bildirib.

Müşfiq Məmmədli dövlət müəssisələrinin maliyyə intizamının gücləndirilməsi istiqamətində Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndirib. O qeyd edib ki, dövlət müəssisələrinin xalis mənfəətinin ən azı 30 faizinin dividend şəklində büdcəyə yönəldilməsi, borclanma limitlərinin tətbiqi və maliyyə hesabatlılığının gücləndirilməsi mühüm addımlardır.

Deputatın fikrincə, nəzarət mexanizmləri yalnız büdcəyə dividend daxilolmalarının artırılmasına deyil, həm də dövlət müəssisələrinin real iqtisadi səmərəliliyinin yüksəldilməsinə xidmət etməlidir.

Bu məqsədlə o, dövlət müəssisələrinin maliyyə dayanıqlılığı, borc yükü, rentabelliyi və büdcədən asılılıq səviyyəsi üzrə vahid qiymətləndirmə sisteminin yaradılmasını, nəticələrin isə hər il Milli Məclisə təqdim olunmasını təklif edib.

Müşfiq Məmmədli, həmçinin dividend siyasəti həyata keçirilərkən müəssisələrin investisiya ehtiyaclarının və sosial funksiyalarının nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə səhiyyə və təhsil sahələrində maliyyə qənaəti xidmət keyfiyyətinin aşağı düşməsi hesabına əldə edilməməlidir.

Deputat çıxışında 2022–2028-ci illər üzrə xaricdə təhsil Dövlət Proqramına da toxunub. O bildirib ki, xaricdə təhsilə ayrılan dövlət vəsaiti yalnız təhsil xərci deyil, Azərbaycanın gələcək intellektual və iqtisadi potensialına qoyulan sərmayədir.

Onun fikrincə, proqramın səmərəliliyi qiymətləndirilərkən təkcə təhsil alanların və məzunların sayı deyil, onların sonrakı məşğulluğu, ixtisaslarına uyğun işlə təmin olunması və ölkə iqtisadiyyatına verdikləri töhfə də nəzərə alınmalıdır.

Bu istiqamətdə deputat Dövlət Proqramı məzunlarının məşğulluğunu izləyən vahid monitorinq mexanizminin yaradılmasını, dövlət müəssisələri, iri şirkətlər, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlığın genişləndirilməsini təklif edib.

O, xüsusilə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, biotexnologiya və müasir tibb sahələrində xaricdə təhsil almış mütəxəssislərin Azərbaycanda elmi və innovativ layihələrə cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb.

Deputat iki istiqamət arasında əlaqənin gücləndirilməsinin də əhəmiyyətini vurğulayıb. Bildirib ki, xaricdə təhsil almış gənc mütəxəssislərin dövlət müəssisələrinin modernləşdirilməsi, rəqəmsallaşdırılması və korporativ idarəetmənin təkmilləşdirilməsi prosesinə cəlb olunması dövlət investisiyalarının daha səmərəli nəticələr verməsinə imkan yarada bilər.

Müşfiq Məmmədli çıxışının sonunda 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini bildirib və səsləndirdiyi təkliflərin aidiyyəti qurumlar tərəfindən nəzərə alınmasını xahiş edib.