Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Birinci vitse-prezident Mehriban Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsünü yüksək qiymətləndirib.
Deputat Yenigun.Media-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bu təşəbbüsə müsbət münasibət göstərərək onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətin səhiyyə işçilərinə diqqət və qayğısının növbəti göstəricisidir.
Müşfiq Məmmədlinin sözlərinə görə, tibb işçilərinin fəaliyyəti son dərəcə məsuliyyətli və fədakarlıq tələb edən peşədir:
“Həkim olaraq mən də yaxşı bilirəm ki, tibb işçisinin əməyi son dərəcə məsuliyyətli, çətin və fədakarlıq tələb edən bir əməkdir. İnsan həyatının və sağlamlığının keşiyində dayanmaq sadəcə peşə deyil, böyük mənəvi məsuliyyətdir. Bu baxımdan tibb işçilərinin əməyinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Deputat qeyd edib ki, əməkhaqqının artırılmasına yalnız sosial ödəniş kimi yanaşmaq düzgün deyil. Onun fikrincə, bu addım həm də həkim, tibb bacısı və digər səhiyyə əməkdaşlarının əməyinə verilən yüksək qiymətin göstəricisidir.
“Tibb işçisinin sosial təminatı yaxşılaşdıqca onun peşə motivasiyası, işinə bağlılığı və dövlət səhiyyə sisteminə inamı da güclənir. Nəticədə qazanan bütövlükdə səhiyyə sistemi və ən əsası, Azərbaycan vətəndaşı olur”, – deyə Müşfiq Məmmədli vurğulayıb.
Deputatın sözlərinə görə, yeni təşəbbüs dövlət səhiyyə müəssisələrinin peşəkar kadrlar üçün cəlbediciliyini artırmaqla yanaşı, ixtisaslı mütəxəssislərin sistemdə qalmasına da əlavə stimul verə bilər. Xüsusilə regionlarda tibbi kadr təminatının yaxşılaşdırılması baxımından əməkhaqqı və digər stimullaşdırıcı mexanizmlərin inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu bildirib.
Müşfiq Məmmədli Azərbaycan səhiyyəsində son illərdə həyata keçirilən islahatlara da diqqət çəkib. O, yeni və müasir tibb müəssisələrinin yaradılmasını, onların tibbi avadanlıqlarla təmin edilməsini, icbari tibbi sığortanın tətbiqini, tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsini və səhiyyənin rəqəmsallaşdırılmasını mühüm addımlar kimi qiymətləndirib.
Deputat hesab edir ki, növbəti mərhələdə əməkhaqqının artırılması ilə yanaşı, davamlı tibbi təhsil, peşəkar inkişaf, şəffaf karyera modeli və əməyin obyektiv qiymətləndirilməsi mexanizmləri də təkmilləşdirilməlidir.
O, həmçinin ilkin səhiyyə xidmətlərinin və ailə həkimliyi institutunun gücləndirilməsini, regionlarda ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın artırılmasını, rəqəmsal səhiyyənin inkişafını və profilaktik təbabətin genişləndirilməsini vacib istiqamətlər kimi qeyd edib.
Müşfiq Məmmədli Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəyə, xüsusilə ana və uşaq sağlamlığına, müasir tibb müəssisələrinin yaradılmasına və humanitar məsələlərə göstərdiyi diqqətin cəmiyyətə yaxşı məlum olduğunu bildirib.
Deputat sonda təşəbbüsü “Azərbaycan həkiminə və bütövlükdə tibb ictimaiyyətinə verilən yüksək dəyərin ifadəsi” kimi qiymətləndirib və tibb ictimaiyyəti adından bu diqqətə görə təşəkkürünü bildirib.

