Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Müşfiq Məmmədli: “Türk dünyası bizim ailəmizdir” yanaşması strateji əməkdaşlığın əsasını təşkil edir

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər Türk dünyasının qarşısında dayanan mühüm hədəfləri və əməkdaşlığın gələcək istiqamətlərini bir daha ortaya qoydu.

Bu barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli Yenigun.Media-ya açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Türk Dövlətləri Təşkilatı bu gün yalnız ortaq tarix, dil və mədəni dəyərlər ətrafında birləşən ölkələrin platforması deyil, eyni zamanda beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və digər strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan təşkilata çevrilib.

“Azərbaycan Türk dünyası ilə həmrəyliyi xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ölkəmiz TDT-nin beynəlxalq arenada rolunun və nüfuzunun daha da gücləndirilməsinə xüsusi əhəmiyyət verir. Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi layihələr Türk dövlətləri arasında əlaqələrin praktiki müstəvidə daha da dərinləşməsinə mühüm töhfə verir”, – deyə Müşfiq Məmmədli vurğulayıb.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin səsləndirdiyi “Türk dünyası bizim ailəmizdir” fikri Azərbaycanla Türk dünyası arasında münasibətlərin mahiyyətini ifadə edən mühüm siyasi yanaşmadır.

“Bu yanaşma yalnız tarixi və mədəni yaxınlığımızı ifadə etmir. Eyni zamanda ölkələrimiz arasında siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji, mədəni və humanitar əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini ortaya qoyur. Müasir dövrdə Türk dövlətlərinin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi həm regionda sabitliyə, həm də yeni iqtisadi və kommunikasiya imkanlarının formalaşmasına xidmət edir”, – deputat bildirib.

Müşfiq Məmmədli əlavə edib ki, Türk dünyasının potensialının daha səmərəli şəkildə reallaşdırılması üçün üzv dövlətlər arasında koordinasiyanın və qarşılıqlı etimadın daha da gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

“Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi, Türk dövlətləri arasında həmrəyliyin artırılması və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal rol oynayacaq”, – deyə deputat qeyd edib.