26 Avqust – Laçın şəhərinin tarixinin, azadlığının və yenidən doğuluşunun rəmzi olan əlamətdar gündür.
Yenigun.Media xəbər verir ki, Laçın 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilmiş, rayonun sakinləri uzun illər doğma torpaqlarından didərgin salınmışdır. Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarılmış, 26 avqust 2022-ci ildə isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdür.
Milli Məclisin deputatı Müşfiq Məmmədli Laçın Günü ilə bağlı paylaşımında qeyd edib ki, bu gün Laçın azadlığın, Böyük Qayıdışın və Azərbaycanın dövlət gücünün parlaq nümunəsinə çevrilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Laçında genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Yeni yaşayış məhəllələri, məktəblər, sosial obyektlər, istehsal müəssisələri və müasir infrastruktur şəhərin gələcək inkişafı üçün möhkəm təməl formalaşdırır.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin region üçün strateji əhəmiyyətini daha da artırıb. Yaşıl enerji layihələrinin genişləndirilməsi isə Laçının Azərbaycanın mühüm yaşıl enerji məkanlarından birinə çevrilməsinə imkan yaradır.
Laçının dirçəlişinin ən böyük göstəricilərindən biri illərlə doğma yurd həsrəti çəkən sakinlərin öz torpaqlarına mərhələli şəkildə qayıdışıdır. Bu gün Laçın yalnız yenidən qurulmur, həm də iqtisadi, sosial və mədəni inkişafın yeni mərhələsinə qədəm qoyur.
Şəhərin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi də Laçının artan beynəlxalq və mədəni əhəmiyyətinin göstəricisidir.
Müşfiq Məmmədli paylaşımında Laçının azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, qəhrəman qazilərə və Azərbaycanın müdafiəsində xidmət edən hər bir hərbi qulluqçuya minnətdarlığını bildirib.

