NASA-nın Yerə doğru sürətlə hündürlük itirən “Neil Gehrels Swift” kosmik teleskopunu xilas etmək üçün həyata keçirdiyi missiya uğursuzluqla nəticələnib.
Yenigun.Media xarici mediaya istinadən xəbər verir ki, 2004-cü ildə aşağı Yer orbitinə göndərilən “Swift” teleskopu son dövrlərdə Günəş aktivliyinin artması və atmosfer sürtünməsi səbəbindən sürətlə orbit hündürlüyünü itirməyə başlayıb.
NASA teleskopun ilin sonlarına doğru atmosferə daxil olaraq parçalanmasının qarşısını almaq üçün Arizona ştatında yerləşən Katalyst Space Technologies şirkəti ilə 30 milyon dollarlıq müqavilə imzalayıb.
Xilasetmə planına əsasən, şirkətin hazırladığı “LINK” kosmik aparatı “Swift” teleskopuna yaxınlaşmalı, onunla birləşməli və teleskopu daha yüksək orbitə çıxarmalı idi.
Lakin iyulun 3-də “Northrop Grumman”ın “Pegasus XL” raketi ilə orbitə buraxılan “LINK” qısa müddət sonra istiqamət və idarəetmə problemləri ilə üzləşib.
Mühəndislərin proqram təminatında yeniləmələr aparmasına və aparatın fırlanmasını azaltmağa çalışmasına baxmayaraq, istiqamətə nəzarət sistemindəki nasazlığı aradan qaldırmaq mümkün olmayıb.
NASA texniki problemlər səbəbindən teleskopun orbitinin yüksəldilməsi missiyasını rəsmi olaraq dayandırıb.
NASA rəhbəri Jared Isaacman bildirib ki, missiya qarşıya qoyulan nəticəni verməsə də, gələcəkdə böyük fayda verə biləcək bu tip riskli texnologiyaların sınaqdan keçirilməsi vacibdir.
Bununla belə, “LINK” missiyası tamamilə dayandırılmayacaq. Kosmik aparatın “Swift”ə yaxınlaşma və onunla birləşmə texnologiyalarını sınaqdan keçirmək üçün manevrlərini davam etdirəcəyi açıqlanıb.
NASA və Katalyst Space Technologies nümayəndələri missiya zamanı əldə ediləcək məlumatların gələcəkdə peyklərə texniki xidmət göstərilməsi və kosmik aparatların xilas edilməsi üzrə əməliyyatlarda istifadə oluna biləcəyini bildiriblər.
Qeyd: Kainatdakı ən güclü partlayışlardan biri hesab olunan qamma-şüa partlayışlarını araşdırmaq üçün hazırlanmış “Swift” teleskopunun nəzarətsiz şəkildə atmosferə daxil olaraq parçalanacağı gözlənilir.

