Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafının qarşılıqlı turizm səfərlərinə də ciddi təsir etdiyini bildirib.
Yenigun.Media xəbər verir ki, deputat qeyd edib ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki qardaş ölkə arasındakı münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirir.
Vüqar Bayramov bildirib ki, dövlət başçıları arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan–Özbəkistan qardaşlığının möhkəmlənməsində mühüm rol oynayır. Onun sözlərinə görə, xalqların qarşılıqlı səfərlərinin artması da bu münasibətlərin real göstəricilərindən biridir.
Deputatın sözlərinə görə, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycana 44 minə yaxın Özbəkistan vətəndaşı səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 34 faiz artım deməkdir.
“2025-ci ildə Azərbaycana gələn Özbəkistan vətəndaşlarının sayı 46 min nəfər olub. Praktiki olaraq, bu ilin ilk səkkiz ayında Özbəkistandan Azərbaycana gələnlərin sayı əvvəlki ilin ümumi göstəricisinə, demək olar ki, çatıb. Bu isə ilin yekununda daha ciddi artımın qeydə alınacağından xəbər verir”, – deputat vurğulayıb.
Vüqar Bayramov xüsusilə sağlamlıq turizmi istiqamətində Özbəkistandan Azərbaycana marağın artdığını qeyd edib.
Deputat əlavə edib ki, turizm yalnız iqtisadi əlaqələrin genişlənməsi deyil, eyni zamanda xalqlar arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir:
“Azərbaycan və Özbəkistan vətəndaşlarının qarşılıqlı səfərlərinin artması iki qardaş xalq arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Turizm bu baxımdan Azərbaycan–Özbəkistan qardaşlığını möhkəmləndirən mühüm körpülərdən biridir”.

