Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Qarabağ iqtisadiyyatı 5 ildə 3 dəfədən çox böyüyüb – Vüqar Bayramov

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Azərbaycanın Qarabağda əldə etdiyi iqtisadi nəticələrlə bağlı diqqətçəkən rəqəmləri açıqlayıb.

Yenigun.Media xəbər verir ki, deputat bildirib ki, sentyabr Azərbaycan tarixində dövlət suverenliyinin tam bərpa olunması ilə xüsusi yer tutur. Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd olunması da bu tarixi hadisənin əhəmiyyətini göstərir.

Vüqar Bayramovun sözlərinə görə, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra Qarabağda yeni iqtisadi mərhələnin əsası qoyulub. Ərazilərin bərpası ilə yanaşı, iqtisadi fəaliyyətin genişləndirilməsi və reinteqrasiya istiqamətində də mühüm işlər görülür.

Deputatın açıqladığı statistikaya əsasən, Zəfərdən sonrakı beş il ərzində, daha əvvəl məskunlaşmış ərazilər də nəzərə alınmaqla, Qarabağda illik məhsul istehsalının həcmi 1 milyard 548 milyon manatdan 4 milyard 820 milyon manatadək yüksəlib.

Bu isə region iqtisadiyyatının beş il ərzində 3 dəfədən çox böyüməsi deməkdir.

İqtisadçı deputat qeyd edib ki, artım iqtisadiyyatın ayrı-ayrı sahələrində də yüksək dinamika ilə müşahidə olunub. Belə ki, həmin dövrdə Qarabağda:

  • sənaye istehsalı 2,8 dəfə;
  • kənd təsərrüfatı 1,7 dəfə;
  • tikinti sektorunda istehsal isə 3 dəfədən çox artıb.

Vüqar Bayramovun sözlərinə görə, sənaye sektorunda fəaliyyət göstərən müəssisələrin sayı da əhəmiyyətli dərəcədə yüksəlib. 2020-ci illə müqayisədə belə müəssisələrin sayı iki dəfəyə yaxın artaraq 150-dən çoxa çatıb.

Qarabağda ticarət dövriyyəsinin göstəricilərində də artım qeydə alınıb. Son beş ildə pərakəndə ticarət dövriyyəsi 960,3 milyon manatdan 1 milyard 553 milyon manatadək yüksəlib.

Regionun turizm potensialının bərpası da iqtisadi canlanmanın əsas istiqamətlərindən biri kimi diqqət çəkir. Qarabağda fəaliyyət göstərən hotellərin sayı 2020-ci ildəki 11-dən 2024-cü ildə 18-ə yüksəlib. 2025-ci ildə isə yeni hotellərin istifadəyə verilməsi davam edib.

Bərpa-quruculuq işlərinə ayrılan vəsaitin həcmi də prosesin miqyasını göstərir. Deputat bildirib ki, 2025-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən investisiyaların ümumi həcmi 5 milyard manatdan çox olub. Bu vəsaitin 4,4 milyard manatı dövlət büdcəsindən ayrılıb.

Yaşayış infrastrukturunun qurulmasında da artım qeydə alınıb. İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 68 127 kvadratmetrdən 98 795 kvadratmetrədək yüksəlib.

Beləliklə, uzun illər işğal və dağıntılara məruz qalan Qarabağ bu gün təkcə yenidən qurulan ərazi deyil, həm də sürətlə formalaşan yeni iqtisadi məkan kimi diqqət çəkir.

Vüqar Bayramovun açıqladığı rəqəmlər göstərir ki, Zəfərdən sonrakı dövrdə Qarabağda iqtisadi aktivliyin artımı artıq ayrı-ayrı layihələrlə deyil, regionun ümumi iqtisadi göstəricilərində ölçülən davamlı inkişafla xarakterizə olunur.

Yenigun.Media