Əsas məzmuna keç
02 Oktyabr 2026, Cümə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Razi Nurullayevdən çağırış: “Ailə və uşaqların hüquqları ilə bağlı kompleks qanun hazırlansın”

YENİGÜN.MEDİAREKLAM728 × 90

Milli Məclisin deputatı Razi Nurullayev “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib.

Yenigun.Media xəbər verir ki, deputat bu təklifi Milli Məclisin payız sessiyasının iş planının müzakirəsi zamanı səsləndirib.

Razi Nurullayev bildirib ki, gənc ailə üçün övlad sahibi olmaq yalnız bir günlük qərar deyil, ən azı 18-20 il davam edən böyük məsuliyyətdir. Onun sözlərinə görə, dövlət ailənin yalnız uşağın doğulduğu vaxt deyil, bütün bu mərhələlər ərzində yanında olmalıdır.

Deputat qeyd edib ki, Azərbaycanda ailələrə və uşaqlara müxtəlif istiqamətlərdə dövlət dəstəyi göstərilir, lakin bu imkanlar ayrı-ayrı qanun, proqram və mexanizmlərdə dağınıq şəkildə təqdim olunur:

“Hüququn qanunda yazılması kifayət deyil, vətəndaş həmin hüquqdan real və rahat şəkildə istifadə edə bilməlidir”.

Razi Nurullayev təklif etdiyi qanunun mövcud dövlət dəstəyi mexanizmlərini ləğv etmək və ya sistemi yenidən qurmaq məqsədi daşımadığını vurğulayıb. Onun fikrincə, əsas məqsəd mövcud hüquq və xidmətləri vahid hüquqi çərçivədə toplamaq, sistemləşdirmək və vətəndaş üçün daha əlçatan etməkdir.

Deputat gənc ailələrin mənzil məsələsinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. O qeyd edib ki, bir çox gənc üçün əsas sual artıq “uşaq pulu nə qədər olacaq?” deyil, “harada yaşayacağıq?” sualıdır.

Təkliflər sırasında güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi və uşaqlı ailələr üçün əlavə mexanizmlərin yaradılması da yer alıb.

Razi Nurullayev həmçinin uşaq baxımı və valideynlərin əmək fəaliyyəti məsələlərinin qanun layihəsində nəzərə alınmasını təklif edib. Onun sözlərinə görə, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmamalıdır. Bu baxımdan bağçaların əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraitinin yaradılması mühüm əhəmiyyət daşıyır.

Deputat uşaqların təhsil və inkişaf imkanlarına yönələn dövlət dəstəyinin də kompleks sistemin tərkib hissəsi olmasını təklif edib.

“Dövlət ailəyə ‘övlad sahibi olun’ deyən tərəf kimi yox, bu qərarın məsuliyyətini bölüşən tərəf kimi çıxış etməlidir”, – deyə Razi Nurullayev bildirib.

Deputatın sözlərinə görə, demoqrafik məsələləri yalnız inzibati çağırışlarla həll etmək mümkün deyil. Ailələr gələcəyinə əmin olduqda və övladlarının təhlükəsizliyini, təhsilini və sosial təminatını təmin edə biləcəyinə inandıqda daha inamlı qərarlar verə bilərlər.

Razi Nurullayev bu məsələnin yalnız demoqrafik siyasət deyil, həm də insan hüquqları, ailənin sosial təminatı və Azərbaycanın gələcəyinə investisiya kimi qiymətləndirilməli olduğunu bildirib.

O, məsələnin Milli Məclisin payız sessiyasının iş planına daxil edilməsini və kompleks qanun layihəsinin hazırlanması ilə bağlı işə başlanılmasını təklif edib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600