Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Razi Nurullayevdən kiçik sahibkarlarla bağlı YENİ TƏKLİF

Milli Məclisin deputatı Razi Nurullayev 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşu zamanı kiçik sahibkarların, ailə təsərrüfatlarının və yerli istehsalçıların bazara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflərlə çıxış edib.

Yenigun.Media xəbər verir ki, deputat Azərbaycanda minlərlə kiçik sahibkarın süd, pendir, bal, mürəbbə, quru meyvə, konserv, tekstil və digər məhsullar istehsal etdiyini, lakin onların qarşılaşdığı əsas çətinliyin məhsul istehsalından daha çox satışla bağlı olduğunu bildirib.

Razi Nurullayev qeyd edib ki, dövlət fermerlərə subsidiya, toxum, gübrə, sahibkarlara isə güzəştli kreditlər təqdim edir. Ancaq məhsul hazır olduqdan sonra onun satışının təşkili əksər hallarda istehsalçının öz üzərinə düşür. Kiçik sahibkarların supermarketlərə çıxış, rəf əldə etmək, qablaşdırma, sertifikatlaşdırma, saxlama və daşınma imkanlarının məhdud olması keyfiyyətli məhsulların bazara çıxarılmasına maneə yaradır.

Deputat bu problemin iqtisadi siyasətin ayrıca istiqamətinə çevrilməsinin vacibliyini vurğulayaraq bir sıra təkliflər səsləndirib.

Onun sözlərinə görə, ilk növbədə dövlət satınalmalarında kiçik yerli istehsalçıların iştirak imkanları genişləndirilməlidir. Məktəb, xəstəxana, uşaq bağçası və digər dövlət müəssisələrinin satınalmalarının mümkün hallarda daha kiçik lotlara bölünməsi ailə təsərrüfatlarının da bu bazara çıxışını asanlaşdıra bilər.

Razi Nurullayev supermarket şəbəkələri ilə kiçik istehsalçılar arasında münasibətlərdə də şəffaflığın artırılmasını, rəf xərcləri və əlavə ödənişlərin tənzimlənməsini, ödəniş intizamının gücləndirilməsini və yerli məhsullar üçün xüsusi satış bölmələrinin yaradılmasını təklif edib.

O, həmçinin mikro və kiçik sahibkarların sertifikatlaşdırma, laboratoriya müayinəsi və qablaşdırma xərclərinin azaldılması üçün dövlət dəstəyinin göstərilməsini, regionlarda ümumi istifadə üçün müvafiq mərkəzlərin yaradılmasını vacib hesab edib.

Deputatın digər təklifi kiçik istehsalçıların rəqəmsal satış imkanlarının genişləndirilməsi ilə bağlı olub. O bildirib ki, istehsalçılar məhsullarını birbaşa mağazalara, restoranlara və istehlakçılara təqdim edə bilməlidirlər.

Razi Nurullayev bütün bu istiqamətlərin 2027-ci ildən etibarən “Yerli İstehsalçıya Bazar Dəstəyi Proqramı” adı altında vahid dövlət proqramında birləşdirilməsini təklif edib. Proqram çərçivəsində aqrologistika və soyuducu anbar imkanlarının genişləndirilməsi, məhsulların saxlanması, qablaşdırılması və daşınması üzrə güzəştli xidmətlərin təşkili, dövlət satınalmalarına və iri ticarət şəbəkələrinə çıxışın asanlaşdırılması nəzərdə tutulur.

Deputat kiçik istehsalçıların məşğulluq və regional iqtisadi inkişaf baxımından əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, ölkədə 40-50 min kiçik istehsalçının fəaliyyət göstərdiyini və onların hər birinin orta hesabla 10 nəfəri işlə təmin etdiyini təsəvvür etsək, bu, potensial olaraq 400-500 min iş yeri deməkdir.

Razi Nurullayev 2027-ci ilin, mümkün olmadığı təqdirdə isə 2028-ci ilin dövlət büdcəsində sözügedən proqram üçün ayrıca maliyyə mexanizminin nəzərdə tutulmasını, icraya məsul qurumların müəyyənləşdirilməsini və konkret nəticə göstəricilərinin təsdiqlənməsini xahiş edib.

O, aidiyyəti qurumlara bu istiqamətdə konkret proqram hazırlanması və nəticələrinin Milli Məclisə təqdim edilməsi barədə tapşırıq verilməsinin də vacibliyini vurğulayıb.

Deputatın fikrincə, iqtisadi uğur yalnız istehsal olunan məhsulun həcmi ilə deyil, həm də həmin məhsulun nə qədərinin satılması, istehsalçının əldə etdiyi gəlir və yaradılan iş yerlərinin sayı ilə ölçülməlidir.

“İstehsalçını yalnız istehsala təşviq etmək kifayət deyil, onun məhsulunu satmasına da şərait yaratmalıyıq. Dövlətin dəstəyi məhsulun istehsalından başlayaraq alıcıya çatmasına qədər davam etməlidir”, – deyə Razi Nurullayev bildirib.