Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Rövşən Muradov: Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsi enerji, logistika və texnologiyanın vəhdətinə əsaslanır

XXI əsrin yeni iqtisadi reallığında ölkələrin rəqabət üstünlüyünü yalnız malik olduqları təbii sərvətlərin həcmi müəyyən etmir. Əsas məsələ mövcud resursların enerji, logistika, texnologiya, insan kapitalı və xarici bazarlara çıxış imkanları ilə vahid sistem daxilində əlaqələndirilməsidir.

Azərbaycanın qarşıdakı inkişaf mərhələsində də enerji, nəqliyyat-logistika, mədən sənayesi, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və insan kapitalının qarşılıqlı əlaqəsinin gücləndirilməsi iqtisadi şaxələndirmənin əsas istiqamətlərindən biri kimi çıxış edir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov Yenigun.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanın mövcud resurs üstünlüklərinin yeni texnologiyalar və istehsal imkanları ilə birləşdirilməsi ölkənin beynəlxalq iqtisadi mövqeyinin daha da gücləndirilməsinə şərait yarada bilər.

Deputatın sözlərinə görə, enerji sektoru bu sistemin əsas elementlərindən biridir:

“Azərbaycanın ənənəvi neft-qaz potensialı qarşıdakı illərdə də mühüm əhəmiyyətini qoruyacaq. Eyni zamanda, bərpaolunan enerji imkanlarının genişləndirilməsi ölkənin enerji profilini daha da şaxələndirir. Burada əsas məsələ enerjinin yalnız daxili tələbatın ödənilməsi və ya ixracı üçün deyil, yeni texnoloji sahələrin inkişafı üçün də istifadə edilməsidir”.

Rövşən Muradov qeyd edib ki, əlavə və rəqabətqabiliyyətli enerji güclərinin data mərkəzləri, süni intellekt infrastrukturu və rəqəmsal xidmətlərin inkişafına yönəldilməsi yeni iqtisadi imkanlar yarada bilər.

Deputat Azərbaycanın regional enerji bağlantılarının genişləndirilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Xəzər dənizinin dibi ilə nəzərdə tutulan elektrik bağlantıları və Qara dəniz üzərindən Avropa istiqamətində planlaşdırılan layihələr Azərbaycanın regional enerji platforması kimi rolunu gücləndirə bilər.

Nəqliyyat-logistika sektoruna toxunan deputat bildirib ki, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəyə mühüm iqtisadi imkanlar verir.

“Tranzit imkanlarının genişlənməsi yalnız yükdaşımaların artması demək deyil. Bu proses logistika xidmətlərinin, anbar infrastrukturlarının, gömrük və rəqəmsal həllərin, eləcə də yeni istehsal sahələrinin inkişafına əlavə imkan yaradır”, – deyə deputat bildirib.

Rövşən Muradov mədən sənayesinin inkişafını da iqtisadi şaxələndirmənin mühüm istiqamətlərindən biri hesab edir. O qeyd edib ki, əsas məqsəd yalnız xammal hasilatını artırmaq deyil, hasilat ətrafında emal, sənaye xidmətləri, nəqliyyat, texnologiya və məşğulluq zəncirinin formalaşdırılması olmalıdır.

Deputat ərzaq təhlükəsizliyinin də yeni iqtisadi reallıqlar fonunda strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, qlobal təchizat zəncirlərində yaranan risklər və ərzaq bazarlarındakı dəyişikliklər kənd təsərrüfatının inkişafını həm milli təhlükəsizlik, həm də iqtisadi baxımdan prioritet istiqamətlərdən birinə çevirir.

Rövşən Muradov bütün bu istiqamətləri birləşdirən əsas amilin isə insan kapitalı olduğunu bildirib:

“Texnologiyanı və maliyyə resurslarını cəlb etmək mümkündür, lakin peşəkar kadrların hazırlanması, institusional bilik və idarəetmə təcrübəsinin formalaşdırılması uzunmüddətli prosesdir. Azərbaycanın enerji sektorundakı təcrübəsi göstərir ki, xarici investisiyanın mühüm nəticələrindən biri də yerli insan kapitalının inkişafıdır”.

Deputat hesab edir ki, Azərbaycanın növbəti iqtisadi inkişaf mərhələsi ayrı-ayrı sektorların deyil, müxtəlif üstünlüklərin vahid sistemdə birləşdirilməsi ilə xarakterizə olunmalıdır.

“Enerji ilə texnologiyanın, logistika ilə ticarətin, mədənçiliklə sənayenin, investisiya ilə insan kapitalının əlaqələndirilməsi Azərbaycanın beynəlxalq dəyər zəncirlərində daha yüksək əlavə dəyər yaradan fəaliyyətlərə keçidini sürətləndirə bilər”, – deyə Rövşən Muradov əlavə edib.