Əsas məzmuna keç
02 Oktyabr 2026, Cümə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Rövşən Muradov: VIII Qurultay yeni mərhələnin prinsiplərini müəyyənləşdirir

YENİGÜN.MEDİAREKLAM728 × 90

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycan dövlətçiliyinin müasir inkişaf mərhələsində mühüm siyasi hadisədir.

Bu barədə Milli Məclisin deputatı Rövşən Muradov Yenigun.Media-ya açıqlamasında bildirib.

 

 

 

 

 

Deputat qeyd edib ki, Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasından sonra keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırır:

“VIII Qurultay yalnız Yeni Azərbaycan Partiyasının təşkilati məsələlərinin müzakirə edildiyi tədbir deyil. Qurultay ölkəmizdə formalaşmış yeni siyasi reallıqlar fonunda qarşıdakı mərhələnin əsas prinsip və prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi platformadır.

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Qurultaydakı çıxışının əsas xəttini dövlətçilik ənənələrinin davam etdirilməsi, milli maraqların qorunması və Azərbaycanın müstəqil inkişaf imkanlarının daha da gücləndirilməsi təşkil edir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun fundamental prinsipləri – dövlət müstəqilliyi, güclü dövlət institutları, iqtisadi müstəqillik, təhlükəsizlik və milli resurslardan səmərəli istifadə – bu gün də öz strateji əhəmiyyətini qoruyur”.

Rövşən Muradovun sözlərinə görə, yeni mərhələdə siyasi və ideoloji fəaliyyətin məzmunu müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.

“Bu gün siyasi fəaliyyət yalnız ənənəvi metodlarla məhdudlaşa bilməz. Cəmiyyətlə birbaşa və davamlı kommunikasiya, siyasi maarifləndirmənin yeni formatlarda həyata keçirilməsi, gənclərin ictimai-siyasi proseslərə fəal cəlb olunması və rəqəmsal informasiya mühitində operativ fəaliyyət xüsusi əhəmiyyət daşıyır.

Partiya təşkilatlarının fəaliyyətinin əsas göstəricisi keçirilən tədbirlərin sayı deyil, həmin fəaliyyətin cəmiyyət üçün real nəticəsi, vətəndaşlarla əlaqələrin keyfiyyəti və dövlət siyasətinin mahiyyətinin düzgün izah edilməsidir”, – deyə deputat vurğulayıb.

Deputat bildirib ki, yerli partiya təşkilatlarının vətəndaş müraciətlərinə həssas yanaşması, ictimai təşəbbüsləri diqqətdə saxlaması və mövcud problemlərin aidiyyəti qurumlara çatdırılması cəmiyyətlə siyasi təşkilatlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından vacibdir.

Rövşən Muradov, həmçinin Azərbaycanın təhlükəsizlik və müdafiə potensialının davamlı şəkildə gücləndirilməsinin yeni mərhələdə də əsas prioritetlərdən biri olduğunu qeyd edib:

“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması əldə edilən nəticələrin qorunması istiqamətində məsuliyyəti daha da artırır. Müdafiə qabiliyyətinin inkişaf etdirilməsi, milli təhlükəsizlik sisteminin müasir çağırışlara uyğun təkmilləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir”.

Deputat əlavə edib ki, Azərbaycanın xarici siyasətində müstəqil qərarvermə imkanlarının qorunması və milli maraqların əsas götürülməsi dövlətçilik modelinin mühüm prinsiplərindəndir.

“Güclü iqtisadi potensial, siyasi sabitlik, təhlükəsizlik imkanları və müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqeyini sərbəst şəkildə müəyyənləşdirməsinə imkan verən əsas amillərdir”, – deyə R.Muradov bildirib.

Deputatın sözlərinə görə, müasir informasiya mühitində dövlətçilik ideologiyasının qorunması və inkişaf etdirilməsi də xüsusi əhəmiyyət daşıyır.

“Xüsusilə gənc nəslə Azərbaycan dövlətçiliyinin tarixi, siyasi və mənəvi əsaslarının müasir kommunikasiya vasitələri ilə sistemli şəkildə çatdırılması vacibdir. Dövlətçilik düşüncəsinin cəmiyyətdə möhkəmləndirilməsi uzunmüddətli milli təhlükəsizliyin də mühüm tərkib hissəsidir”, – deyə o vurğulayıb.

Rövşən Muradov hesab edir ki, VIII Qurultayın əsas siyasi məzmunu dövlətçilik xəttinin davamlılığının qorunması, Azərbaycanın əldə etdiyi tarixi nəticələrin möhkəmləndirilməsi və yeni dövrün tələblərinə uyğun müasir siyasi fəaliyyət modelinin formalaşdırılmasında öz əksini tapır.

“Qarşıdakı dövrdə əsas vəzifə müəyyən edilmiş siyasi prinsipləri gündəlik fəaliyyətin konkret məzmununa çevirməkdir. Dövlət maraqlarının qorunması, cəmiyyətlə əlaqələrin gücləndirilməsi, vətəndaşların gözləntilərinə həssas münasibət, gənclərlə işin müasir əsaslarda qurulması və siyasi maarifləndirmənin keyfiyyətinin artırılması qarşıdakı fəaliyyətin əsas istiqamətlərindən olmalıdır”, – deputat qeyd edib.

Yenigun.Media

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600