Əsas məzmuna keç
24 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Rumıniya Qara dəniz yaxınlığında partlayıcı PUA-nı məhv edib

YENİGÜN.MEDİAREKLAM728 × 90

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Qara dənizdə, Avropanın ən böyük dəniz qaz layihələrindən biri olan “Neptun Deep” yaxınlığında partlayıcı yüklü PUA-nı məhv edib.

Yenigun.Media xarici mediaya istinadən xəbər verir ki, pilotsuz uçuş aparatı cümə axşamı səhər saatlarında “Neptun Deep” qaz layihəsində aparılan işlərdən cəmi bir neçə yüz metr məsafədə aşkarlanıb.

Məlumata görə, kommersiya gəmisinin ekipajı saat 06:28-də PUA-nı müşahidə edib. Ərazidə yüzlərlə işçinin çalışması və mühüm enerji infrastrukturunun yerləşməsi səbəbindən aparat potensial təhlükə kimi qiymətləndirilib.

Bundan sonra Rumıniyanın iki F-16 qırıcısı havaya qaldırılıb və onlardan biri partlayıcı daşıdığı bildirilən PUA-nı məhv edib.

Rumıniyanın müdafiə naziri Radu Miruța bildirib ki, PUA partlayıcılarla təchiz olunub. Ukrayna tərəfi isə aparatın Ukraynaya məxsus olmadığını təsdiqləyib.

Rumıniya Prezidenti Nikuşor Dan hadisəyə görə Rusiyanı ittiham edib və Moskvanın “məsuliyyətsiz insidentləri” artırdığını bildirib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen hadisəni Avropa İttifaqına qarşı artan təhdid kampaniyasının bir hissəsi kimi qiymətləndirib və bunun “hibrid müharibə” olduğunu deyib.

Hadisə Rusiyanın Ukraynaya genişmiqyaslı raket və PUA hücumu həyata keçirdiyi vaxt baş verib. Həmin hücum zamanı Rumıniya ərazisinə başqa bir PUA da daxil olub.

Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, ikinci PUA Ukrayna sərhədi yaxınlığında ölkənin hava məkanını pozub və daha sonra Tulça dairəsində yerə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Rumıniya və Polşa Ukraynaya qarşı hücumlar fonunda hava hücumundan müdafiə sistemlərini gücləndirib və hərbi aviasiyanı havaya qaldırıb.

“Neptun Deep” Qara dənizdə həyata keçirilən ən böyük enerji layihələrindən biridir. Layihənin 2027-ci ildə təbii qaz hasilatına başlaması gözlənilir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600