Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Rusiya səfirliyi erməni qubernatorun açıqlamasına etiraz edib

Rusiyanın Ermənistandakı diplomatik nümayəndəliyi Şirak vilayətinin qubernatoru David Aruşanyanın sosial şəbəkədəki açıqlamalarını kəskin tənqid edib.

Yenigun.Media xəbər verir ki, diplomatik nümayəndəlik qubernatorun istifadə etdiyi ifadələrin Böyük Vətən müharibəsi dövründə alman nasistlərinin ritorikasını xatırlatdığını bildirib.

Mübahisəyə Aruşanyanın Gümri Şəhər Günü münasibətilə “Güclü Ermənistan” partiyasının təbrikinə verdiyi cavab səbəb olub. Qubernator paylaşımında “Gümri sizin ‘Nijni Tabor’unuz deyil və Gümri sakini sizin ‘İvanlarınız’ deyil” ifadəsini işlədib.

Rusiya səfirliyi bəyan edib ki, “İvanlar” ifadəsinin işlədilməsi narahatlıq doğurur və etnik nifrətin qızışdırılması kimi qiymətləndirilə bilər.

Diplomatik nümayəndəlik regional rəhbərin bu cür açıqlamaların qəbuledilməz olduğunu anlayacağına ümid etdiyini vurğulayıb. Bildirilib ki, belə ifadələr iki ölkə xalqları arasında tarixən formalaşmış dostluq münasibətlərinin ruhuna ziddir.

Qeyd edək ki, Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozin də daha əvvəl rusların “destalinləşdirilməməsi” ilə bağlı narazılığını ifadə edib.

Yenigun.Media