Sentyabrın 10-da Bakıda “Impact Dialogue – From Commitment to Delivery: Healthy, Resilient Cities Through Climate-Urban Partnerships” mövzusunda mühüm beynəlxalq tədbir keçirilib.
Yenigun.Media xəbər verir ki, tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə keçirilib.
Təşkilati prosesdə COP29 Sədrliyi, BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat), Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Marrakeş Tərəfdaşlığının submilli səviyyədə fəaliyyət göstərən maraqlı tərəfləri də tərəfdaş qismində iştirak ediblər.
Beynəlxalq tədbirdə iqlim sahəsində qəbul edilmiş öhdəliklərin konkret və real fəaliyyətə çevrilməsi, şəhərlərin iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığının artırılması, sağlam və davamlı şəhər mühitinin formalaşdırılması, eləcə də milli və yerli səviyyələr arasında əməkdaşlığın gücləndirilməsi əsas müzakirə mövzularından olub.
Tədbirdə səsləndirilən yanaşmalar bir daha göstərir ki, şəhərlərin və yaşayış məntəqələrinin iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşdırılması artıq yalnız ekoloji məsələ deyil, həm də şəhərsalma, enerji, səhiyyə, infrastruktur və yerli idarəetməni əhatə edən strateji istiqamət kimi qiymətləndirilir.
Azərbaycan üçün də bu məsələnin aktuallığı xüsusi əhəmiyyət daşıyır. Ölkəmizdə iqlim dəyişmələri ilə mübarizə, yaşıl inkişaf, dayanıqlı şəhərsalma və ekoloji dayanıqlılığın artırılması istiqamətində həyata keçirilən siyasət yerli səviyyədə idarəetmə qurumlarının qarşısında yeni vəzifələr formalaşdırır.
Bu baxımdan bələdiyyələrin iqlim gündəliyində daha fəal iştirakı, yerli səviyyədə ekoloji və enerji məsələlərinə diqqətin artırılması, eləcə də dayanıqlı inkişaf prinsiplərinin bələdiyyə fəaliyyətinə inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir.
Məhz bu yanaşma çərçivəsində “Merlər Razılaşması Regional Proqramının Həyata Keçirilməsinə Dəstək” layihəsi bələdiyyələrin iqlim və enerji sahəsində fəaliyyətinin gücləndirilməsinə, yerli idarəetmə orqanlarının institusional potensialının inkişaf etdirilməsinə və dayanıqlı inkişaf istiqamətində fəaliyyətlərinin dəstəklənməsinə xidmət edir.
Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər Azərbaycanın iqlim və dayanıqlı inkişaf üzrə müəyyən etdiyi prioritetlər nəzərə alınmaqla, bələdiyyələrin bu prosesdə daha fəal, hazırlıqlı və məsuliyyətli tərəf kimi formalaşmasına dəstək verməyə yönəlib.
Bakıda keçirilən beynəlxalq dialoq isə bir daha ortaya qoyub ki, iqlim öhdəliklərinin real nəticələrə çevrilməsində şəhərlər və yerli idarəetmə qurumları mühüm rol oynayır. Bu baxımdan bələdiyyələrin potensialının artırılması və onların iqlim gündəliyinə daha fəal cəlb olunması qarşıdakı dövrün əsas prioritetlərindən biri ola bilər.

