Çin Prezidenti Si Cinpinin sentyabr ayında Hindistana səfər etməsi gözlənilir.
Yenigun.Media xəbər verir ki, Reuters-in məlumatına görə, Si Cinpin sentyabrın 12-13-də Yeni Dehlidə keçiriləcək BRICS sammitində iştirak edə bilər. Bu, Çin liderinin yeddi ildən sonra Hindistana ilk səfəri olacaq.
Məlumata əsasən, Si Cinpinin səfər zamanı böyük nümayəndə heyəti ilə Hindistana getməsi gözlənilir. Təxminən 400 rəsmi şəxsin nümayəndə heyətində yer ala biləcəyi bildirilir.
Çin və Hindistan arasında münasibətlər son illərdə Himalay sərhədindəki mübahisələr və 2020-ci ildə baş verən ölümcül qarşıdurmalardan sonra gərginləşib. Bununla belə, tərəflər son dövrdə münasibətlərin normallaşdırılması və sərhəddə gərginliyin azaldılması istiqamətində danışıqları davam etdirirlər.
Si Cinpinin mümkün səfəri iki Asiya nəhəngi arasında münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir.

