Uzun illər televiziya sahəsində çalışan, bir sıra tanınmış layihələrin ərsəyə gəlməsində əməyi olan prodüser Minarə Əskərova ağır xəstəlikdən əziyyət çəkir. İki övlad anası olan Minarə xanım müalicəsini davam etdirmək və zəruri dərmanlarını əldə etmək üçün xeyirxah insanların dəstəyinə ehtiyac duyur.
Minarə Əskərovanın səhhətində ciddi problemlər 2016-cı ildən başlayıb. Ona “Oraqşəkilli struktur meningioması” diaqnozu qoyulub. Bu səbəbdən Neyrocərrahiyyə Xəstəxanasında bir il ərzində iki dəfə əməliyyat olunub. 2018-ci ildə səhhəti yenidən ağırlaşıb. 2020-cu ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyənin “Medikal Göztepe Hastanesi”ndə üçüncü dəfə cərrahi müdaxilə keçirib.
2023-cü ildə daha iki ağır əməliyyat keçirən Minarə xanımın hər iki süd vəzi tamamilə götürülüb. Hazırda beynində və bədəninin müxtəlif nahiyələrində yaranmış problemlərlə əlaqədar müalicə alır.
Onun sözlərinə görə, müalicə üçün istifadə etdiyi dərmanlar Türkiyədən gətirilir və kifayət qədər bahadır. Bu isə ailənin maddi imkanlarını çətinləşdirir. Dostları, qohumları və keçmiş iş yoldaşlarının dəstəyinə baxmayaraq, müalicə xərclərini qarşılamaq getdikcə çətinləşir.
O, səhhətindəki problemlərin gündəlik həyatına ciddi təsir etdiyini, hərəkət imkanlarının məhdudlaşdığını və bu səbəbdən əməliyyatlardan da ehtiyat etdiyini söyləmişdi.
Qeyd edək ki, 18 yaşından televiziya sahəsində çalışan Minarə Əsgərova “Soy” prodakşın, Lider TV və Space TV-də fəaliyyət göstərib. Son iş yeri İctimai Televiziya olub. O, ilərdi İTV-də Gənclər, Elm və Təhsil Departamentində prodüser, müxtəlif verilişlərin rejissoru və layihə rəhbəri kimi çalışıb. Peşəkar fəaliyyəti dövründə bir sıra mükafat və təltiflərə layiq görülüb.
Uzun illər televiziya sahəsində çalışan və öz əməyi ilə tanınan Minarə Əskərova indi həyatının ən çətin sınaqlarından biri ilə üz-üzədir. İmkanı olan şəxsləri Minarə Əskərovaya maddi yardım göstərməyə çağırırıq. Göstəriləcək hər bir dəstək onun bu ağır mübarizəsində böyük kömək ola bilər.
Kart hesabı

