Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə yeni mərhələnin başlanğıcı ola bilər

Azərbaycanda səhiyyə sistemində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqqı fondunun illik 189 milyon manat artırılması dövlətin səhiyyə sahəsinə verdiyi önəmin növbəti göstəricisi kimi qiymətləndirilir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan 72 212 tibb işçisinin əməkhaqqı fondunun artırılması səhiyyə sektorunda çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addımdır.

Prezident İlham Əliyevin qərarı ilə həyata keçirilən bu artımın yalnız tibb işçilərinin gəlirlərinə deyil, bütövlükdə səhiyyə sisteminin inkişafına təsir göstərəcəyi gözlənilir. Əməkhaqlarının yüksəldilməsi həkim, tibb bacısı və digər səhiyyə əməkdaşlarının iş motivasiyasının artmasına, peşəyə marağın güclənməsinə və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə əlavə stimul yarada bilər.

Xüsusilə regionlarda müşahidə olunan tibb kadrlarının çatışmazlığı fonunda bu qərarın əhəmiyyəti daha da artır. Daha yüksək əməkhaqqı gənc mütəxəssislərin səhiyyə sahəsinə yönəlməsinə, peşəkar kadrların ölkədə qalmasına və regionlarda çalışmağa marağın artmasına şərait yarada bilər.

Səhiyyənin inkişafı yalnız yeni xəstəxanaların tikilməsi və müasir tibbi avadanlıqların alınması ilə məhdudlaşmır. Sistemin əsas dayaqlarından biri də peşəkar, motivasiyalı və sosial təminatı güclü tibb işçiləridir. Bu baxımdan əməkhaqlarının artırılması insan kapitalına qoyulan mühüm investisiya kimi dəyərləndirilə bilər.

Qədim Romanın məşhur natiqi, filosofu və hüquqşünası Mark Tulli Siseronun “Xalqın sağlamlığı və rifahı ən ali qanun olmalıdır” fikri bu gün də öz aktuallığını qoruyur.

Çünki güclü səhiyyə sistemi yalnız xəstəliklərin müalicəsi deyil, həm də sağlam cəmiyyətin və sağlam gələcəyin formalaşdırılması deməkdir.

Tibb işçilərinin əməyinə verilən dəyərin artırılması isə səhiyyənin gələcəyinə qoyulan sərmayədir.