Əsas məzmuna keç
21 Avqust 2026, Cümə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

“Trampın ‘insan yazıçı’ ləqəbli köməkçisi Natali Harp niyə gündəmdədir?”

YENİGÜN.MEDİAREKLAM728 × 90

ABŞ Prezidenti Donald Trampın ən yaxın və uzun müddət vəzifədə qalan köməkçilərindən biri olan 35 yaşlı Natali Harp son günlər yenidən diqqət mərkəzinə düşüb.

Yenigun.Media xəbər verir ki; Harpın adı Corciya senatoru, demokrat Con Ossoffun Trampı tənqid etdiyi çıxışında çəkilib. Ossoff Trampın Qətər əmirinin hədiyyə etdiyi təyyarə ilə səfər etməsini və bu zaman Harpın da onun yanında olmasını tənqid edib.

Harp Trampın yanında demək olar ki, daim görünməsi ilə tanınır. O, prezidentin səfərlərində, Oval kabinetdə və Ağ Evin müxtəlif tədbirlərində tez-tez Trampın bir neçə addımlığında olur.

Harpın Ağ Evdəki rəsmi vəzifəsi prezidentin baş inzibati köməkçisidir. Lakin onun Trampın fəaliyyətindəki rolu bununla məhdudlaşmır. O, prezidentə xəbər materiallarının və sosial media paylaşımlarının çap olunmuş nüsxələrini çatdırır. Bu səbəbdən Ağ Evdə ona “insan printeri” ləqəbi verilib.

Harp eyni zamanda Trampın Truth Social hesabında paylaşımların hazırlanmasında iştirak edir. Onun prezidentin yazılarını hazırlayan və məlumat axınını idarə edən şəxslərdən biri olduğu bildirilir.

Trampın həyatını xilas etdiyini deyib

Kaliforniyada mühafizəkar xristian ailəsində böyüyən Harp daha əvvəl sümük xərçəngi ilə mübarizə aparıb. O, Trampın ilk prezidentliyi dövründə qəbul edilən “Right to Try” qanunundan istifadə edərək eksperimental müalicə alıb.

Harp 2020-ci ildə Respublikaçılar Milli Qurultayında çıxış edərək Trampın bu müalicəyə çıxış əldə etməsinə imkan yaratdığını və bunun həyatını xilas etdiyini bildirib.

Bundan sonra o, Trampın “MAGA” hərəkatında tanınmağa başlayıb, 2020-ci il seçkiləri üçün onun kampaniyasının məsləhət şurasına qoşulub. Trampın seçkidə məğlubiyyətindən sonra isə mühafizəkar One America News Network kanalında aparıcı kimi çalışıb. 2022-ci ildə Trampın növbəti prezidentlik kampaniyasına qoşulmaq üçün kanaldan ayrılıb.

Trampa təsiri nə qədərdir?

Ağ Evə yaxın mənbələr Harpın Trampın “demək olar ki, daim yanında olduğunu” bildirirlər. Bəzi mənbələr onun prezidentin informasiya əldə etməsində və hansı materialları oxumasında mühüm rol oynadığını iddia edir.

ABŞ mediasında Harp üçün “qapıçı” və Trampın “təsəlli mənbəyi” kimi ifadələr də işlədilib.

Onun son günlər yenidən gündəmə gəlməsinə isə Trampın Türkiyədən ayrılarkən istifadə etdiyi təyyarədə Harpın da olması barədə xəbərlər və senator Ossoffun bu məsələni tənqid etməsi səbəb olub.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600