Türkiyədə ağır cinayətlərdə iştirakı ilə bağlı barəsində həbs qərarı çıxarılan Ö.A.K. Bakıda saxlanılaraq Türkiyəyə aparılıb.
Yenigun.media xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat Türkiyə Təhlükəsizlik Baş İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokurorluğun koordinasiyası, İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Azərbaycan polisi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Məlumata görə, Ö.A.K. barəsində qəsdən adam öldürmə, narkotik maddələrin alınması, qəbul edilməsi, saxlanması və istifadəsi, habelə lisenziyasız odlu silah və sursatın alınması və ya daşınması ittihamları üzrə həbs qərarı çıxarılıb.
Keçirilən birgə əməliyyat nəticəsində onun Bakı şəhərində olduğu müəyyənləşdirilib və o, Azərbaycan Polisi tərəfindən saxlanılaraq Türkiyəyə aparılması təmin edilib.
Türkiyə tərəfi əməliyyatın keçirilməsində Azərbaycan polisi və digər aidiyyəti qurumlara əməkdaşlığa görə təşəkkür edib.

