“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər Türk dünyasının qarşısında duran strateji vəzifələrə geniş baxışı ortaya qoyur”.
Bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Yenigun.Media-ya açıqlamasında bildirib.
Deputat qeyd edib ki, müasir dövrdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yalnız ortaq dil, tarix və mədəniyyət amilləri ilə məhdudlaşmır:
“Bu gün söhbət siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik maraqlarının uzlaşdırıldığı daha sistemli əməkdaşlıq modelindən gedir. TDT-nin 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən ötən dövrdə əldə etdiyi inkişaf da bu inteqrasiyanın mərhələli şəkildə dərinləşdiyini göstərir.
Xüsusilə təhlükəsizlik məsələlərinin TDT-nin gündəliyində daha mühüm yer tutması təsadüfi deyil. Dünyanın müxtəlif bölgələrində münaqişə və qeyri-sabitlik ocaqlarının mövcud olduğu, ənənəvi təhlükələrlə yanaşı, kibertəhdidlərin, hibrid risklərin və transmilli cinayətkarlığın artdığı bir şəraitdə təhlükəsizliyin yalnız milli sərhədlər çərçivəsində təmin olunması getdikcə daha mürəkkəb xarakter alır.
Beynəlxalq terrorçuluq, dini ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq və kritik infrastrukturun qorunması kimi məsələlər dövlətlər arasında daha sıx koordinasiyanı zəruri edir. Bu baxımdan təhlükəsizlik şuraları arasında məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi TDT məkanında əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına mühüm töhfə verə bilər”.
Ülviyyə Həmzəyevanın sözlərinə görə, Prezident İlham Əliyevin diqqət çəkdiyi mühüm məsələlərdən biri də təhlükəsizlik anlayışının müasir dövrdə daha geniş məna daşımasıdır:
“Enerji və nəqliyyat təhlükəsizliyi artıq milli və regional təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan həm enerji resurslarının dünya bazarlarına çıxarılmasında, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər üzərindən beynəlxalq bazarlara çıxışında mühüm tranzit imkanlarına malikdir.
Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi Türk dünyasının şərqi ilə qərbi arasında əlaqələrin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Burada məsələ yalnız coğrafi yaxınlıqdan ibarət deyil. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzalayıb. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması isə əməkdaşlığın artıq konkret iqtisadi mexanizmlərlə də möhkəmləndiyini göstərir.
Prezident İlham Əliyevin ‘Türk dünyası bizim ailəmizdir’ fikri Azərbaycanın xarici siyasətində bu istiqamətin əhəmiyyətini aydın şəkildə ifadə edir”.
Deputat gənclər arasında əlaqələrin genişləndirilməsinin də Türk dünyasının gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb:
“Müasir təhlükələrin bir hissəsi artıq hərbi deyil, informasiya və ideoloji müstəvidə meydana çıxır. Rəqəmsal informasiya məkanı, xüsusilə sosial şəbəkələr gənc nəslin dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. Bu baxımdan Türk dövlətlərinin gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, ortaq forumların, konfransların, təhsil və mədəniyyət layihələrinin artırılması mühüm istiqamətlərdəndir.
Türk dünyasının gələcək birliyinin daha da möhkəmlənməsi üçün gənc nəsillər arasında birbaşa ünsiyyətin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Ülviyyə Həmzəyeva Türkiyə-Azərbaycan münasibətlərinin də Türk dünyasında inteqrasiyanın mühüm nümunələrindən biri olduğunu qeyd edib:
“2021-ci ildə Şuşada imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltdi. Siyasi və təhlükəsizlik əməkdaşlığı ilə yanaşı, enerji, nəqliyyat və humanitar sahələrdə əlaqələrin inkişafı iki ölkə arasındakı münasibətlərin çoxşaxəli xarakter daşıdığını göstərir. Bu model TDT çərçivəsində ikitərəfli münasibətlərin çoxtərəfli əməkdaşlığa necə töhfə verə biləcəyinin konkret nümunəsidir”.
Deputat beynəlxalq hüquq məsələsinə də toxunaraq bildirib ki, TDT-nin beynəlxalq platformalarda ortaq mövqelərinin daha da gücləndirilməsi mühüm əhəmiyyət daşıyır:
“Azərbaycan uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması ilə bağlı ciddi problemlərlə üzləşib. Prezident İlham Əliyevin də vurğuladığı kimi, beynəlxalq hüququn effektivliyi yalnız normaların mövcudluğu ilə deyil, onların icrasını təmin edən mexanizmlərin işləməsi ilə ölçülür.
Bu baxımdan TDT-nin beynəlxalq hüququn üstünlüyünü müdafiə edən və beynəlxalq məsələlərdə ortaq mövqelər formalaşdıra bilən təsisat kimi gücləndirilməsi mühüm əhəmiyyət daşıyır”.
Ülviyyə Həmzəyeva qeyd edib ki, TDT daxilində əməkdaşlığın getdikcə daha çox institusional xarakter alması da diqqətçəkən məqamdır:
“Dövlət başçılarının Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi, təhlükəsizlik şuraları, dini rəhbərlər, analitik mərkəzlər və digər sahələr üzrə əməkdaşlıq formatlarının formalaşması Türk dünyası daxilində inteqrasiyanın müxtəlif istiqamətlərdə davam etdiyini göstərir.
Bakıda 16–18 sentyabr tarixlərində Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısının keçirilməsi də bu baxımdan konkret nümunədir”.
Deputat vurğulayıb ki, qarşıdakı mərhələdə əsas məqsəd ortaq tarixi və mədəni bağları konkret siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı ilə tamamlamalıdır:
“Türk dövlətlərinin geniş coğrafiyası, enerji ehtiyatları, nəqliyyat imkanları, iqtisadi potensialı və gənc insan kapitalı bunun üçün mühüm imkanlar yaradır.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi, qarşıdakı mərhələdə məsələ yalnız TDT-nin öz mövqeyini beynəlxalq tribunalarda ifadə etməsi deyil, həmin mövqeyi ortaq fəaliyyət və təsir imkanları ilə dəstəkləyə bilməsidir.
Başqa sözlə, Türk dünyasının birliyi artıq yalnız tarixi yaddaş və mənəvi yaxınlıq məsələsi deyil. Bu birlik müasir dünyanın təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadi inkişaf və beynəlxalq hüquq məsələlərində ortaq maraqlar üzərində qurulan uzunmüddətli strateji əməkdaşlıq modelinə çevrilir”.

