Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Vüqar Bayramov: Ağdamın iqtisadiyyatı Zəfərdən sonra 8 dəfə böyüyüb

Noyabrın 20-də Ağdam Şəhəri Günü qeyd olunacaq. Bir zamanlar işğal nəticəsində dağıdılaraq xarabalığa çevrilən Ağdam bu gün Azərbaycanın ən böyük quruculuq və iqtisadi dirçəliş layihələrinin həyata keçirildiyi ərazilərdən birinə çevrilib.Milli Məclisin deputatı Vüqar Bayramov Ağdamın işğaldan azad olunmasından sonra əldə etdiyi iqtisadi nəticələrlə bağlı diqqətçəkən rəqəmlər açıqlayıb.

Yenigun.Media xəbər verir ki, deputatın sözlərinə görə, Zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb. Rayon üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 1,5 milyard manata çatıb. Tikinti sektorunda isə 60 dəfədən çox artım qeydə alınıb.

Açıqlanan göstəricilər Ağdamda aparılan bərpa və yenidənqurma işlərinin iqtisadi fəallığa təsirini də ortaya qoyur. Belə ki, 2025-ci ildə rayonda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 17 dəfə çoxdur. Kənd təsərrüfatında isə istehsal həcmi iki dəfə artıb.

Hazırda Ağdamda istehsal olunan sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya bazarlarına ixrac edilir. Növbəti mərhələdə ixrac coğrafiyasının Avropa İttifaqı ölkələrini də əhatə etməsi perspektivi mövcuddur.

Deputatın açıqladığı rəqəmlər göstərir ki, Ağdamın dirçəlişi təkcə dağıdılmış infrastrukturun bərpasından ibarət deyil. Rayonun istehsal gücünün artırılması, sənaye müəssisələrinin inkişafı və ixrac imkanlarının genişləndirilməsi onun yeni iqtisadi simasını formalaşdırır.

Ağdam artıq keçmişin dağıntıları ilə deyil, qurulan müəssisələri, istehsal imkanları və iqtisadi göstəriciləri ilə gündəmə gəlir. Qarşıdakı dövrdə rayonun Qarabağın və bütövlükdə Azərbaycanın mühüm sənaye mərkəzlərindən birinə çevrilməsi hədəfi xüsusi əhəmiyyət daşıyır.

Yenigun.Media