Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi strateji tərəfdaşlığın əsas istiqamətlərindəndir.
Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatında səsləndirilən iqtisadi göstəricilərə münasibət bildirərkən qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələri dinamik inkişaf edir.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar təşkil edib. Bu ticarətdə Azərbaycanın 1 milyard 34 milyon dollarlıq müsbət saldosu qeydə alınıb.
Vüqar Bayramov bildirib ki, hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin 11,6 faizi Türkiyənin payına düşür. Bu göstərici ilə qardaş ölkə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Türkiyə Azərbaycanın ixracında da 13,5 faizlə ikinci yerdə qərarlaşıb. Qeyri-neft-qaz ixracında isə Türkiyənin payı 16,5 faizdir.
Deputat diqqətə çatdırıb ki, tərəflərin əsas hədəflərindən biri qarşılıqlı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
İqtisadi əməkdaşlığın digər mühüm istiqamətinin qarşılıqlı investisiyalar olduğunu vurğulayan Vüqar Bayramov qeyd edib ki, Azərbaycan indiyədək Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yatırıb.
Deputatın fikrincə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Ortaq tarix, etnik köklər, dil, ədəbiyyat və mənəvi dəyərlər iki ölkəni birləşdirən əsas amillərdir. Hər iki dövlət beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstək nümayiş etdirir.
Vüqar Bayramov hesab edir ki, dövlət başçılarının qarşılıqlı səfərləri strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Türkiyə Prezidentinin Azərbaycana növbəti səfəri də iki qardaş ölkə arasında siyasi və iqtisadi münasibətlərin inkişafına yeni təkan verəcək.

