Azərbaycan ilə Böyük Britaniya arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasına zəmin yaradır.
Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə Yenigun.Media -ya açıqlamasında bildirib ki, sənəd Azərbaycan-Böyük Britaniya əməkdaşlığının həm iqtisadi, həm də strateji baxımdan genişlənməsi üçün mühüm əhəmiyyət daşıyır.

Deputatın sözlərinə görə, son illərdə iki ölkə arasında ticarət əlaqələrində ciddi artım müşahidə olunur. Belə ki, 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 67 faiz artaraq 1 milyard 140 milyon dollara çatıb. Son beş ildə isə bu göstərici 3,4 dəfə yüksəlib.
Vüqar Bayramov qeyd edib ki, Böyük Britaniya Azərbaycanın əsas investisiya tərəfdaşlarından biridir. Bu ölkənin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 39 milyard dolları ötüb.
Deputat hesab edir ki, imzalanmış Birgə Bəyannamə əməkdaşlığın üç əsas istiqamət üzrə dərinləşməsinə imkan verəcək. Bunlara müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiya sahələri daxildir.
Vüqar Bayramovun fikrincə, sənədin ən mühüm tərəflərindən biri əməkdaşlığın ənənəvi enerji sektorundan kənara çıxarılmasıdır. Xüsusilə süni intellekt, rəqəmsal texnologiyalar və innovasiya sahələrində tərəfdaşlığın genişləndirilməsi Azərbaycan üçün yeni investisiyaların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından əlavə imkanlar yarada bilər.
Deputat vurğulayıb ki, Böyük Britaniya ilə strateji tərəfdaşlığın genişlənməsi Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin güclənməsinə, qeyri-neft sektorunun inkişafına və yeni texnologiyaların ölkəyə gətirilməsinə müsbət təsir göstərə bilər.
Beləliklə, Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində yalnız mövcud əməkdaşlığın davamı deyil, həm də yeni iqtisadi və texnoloji tərəfdaşlıqlar üçün mühüm platforma kimi qiymətləndirilir.
Yenigun.Media

