Növbəti illərdə qeyri-neft-qaz sektorunda yeni iş yerlərinin yaradılması istiqamətində mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Yenigun.Media-ya açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə sənədin qarşıya qoyduğu əsas hədəflər açıqlanıb:
“Proqramın icrası nəticəsində müvafiq sahədə istehsal və emal potensialının artırılması, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının genişləndirilməsi, investisiyaların və qeyri-neft ixracının artırılması ilə yanaşı, yeni iş yerlərinin yaradılması və regionların sosial-iqtisadi inkişafına töhfənin gücləndirilməsi gözlənilir.
Proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda mədənçıxarma sənayesində 32 963 nəfər çalışır. Onlardan 4 063 nəfəri qadınlardır. Xam neft və təbii qaz hasilatı sahəsində əmək müqaviləsi ilə çalışanların sayı 19 638 nəfər, metal filizlərinin hasilatı sahəsində isə 1 987 nəfərdir. Mədənçıxarma sənayesinə xidmət göstərən sahələrdə muzdlu işçilərin sayı 8 633 nəfər təşkil edir. Həmin xidmət sahəsində 1 268 qadın çalışır”.
Vüqar Bayramovun sözlərinə görə, yeni iş yerlərinin yaradılması əsasən Bakı və Gəncə şəhərləri, Daşkəsən, Balakən, Kəlbəcər və Qarabağ iqtisadi rayonunda həyata keçiriləcək layihələrlə bağlı olacaq.
“Daşkəsəndə dəmir filizi layihəsi çərçivəsində Zənginləşdirmə zavodu ilə yanaşı, Pellet istehsalı və İBD zavodunun qurulması nəzərdə tutulur. Gəncədə “Azəralüminium” MMC-nin elektroliz zavodu layihəsinin tamamlanması və istehsal gücünün artırılması da yeni məşğulluq imkanları yaradacaq.
Bakı şəhərində isə “Baku Steel Company” QSC tərəfindən tikişsiz boru istehsalı sahəsində yeni istehsal güclərinin yaradılmasının dəstəklənməsi paytaxtda məşğulluğun artırılmasına imkan verəcək”.
Deputat bildirib ki, proqram çərçivəsində Zəylik-Alunit yataqlarında alunitin sənaye istifadəsi, ondan alüminium oksidi və alüminium istehsalı, həmçinin özəl sektor tərəfindən illik təxminən 200 min ton istehsal gücünə malik ilkin alüminium istehsalı müəssisəsinin yaradılması imkanlarının qiymətləndirilməsi də nəzərdə tutulur.
Onun sözlərinə görə, Kəlbəcər rayonunda Söyüdlü (Zod) qızıl yatağı üzrə hasilat və emal prosesinin qurulması və sənaye istismarına başlanılması, Balakən rayonunda Filizçay polimetal yatağı üzrə texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması və bunun əsasında tikinti işlərinin aparılması, eləcə də Ağdərə rayonunda Dəmirli mədən-filiz yatağının istismarının davam etdirilməsinin dəstəklənməsi nəzərdə tutulan əsas istiqamətlərdəndir.
Vüqar Bayramov vurğulayıb ki, yaradılacaq iş yerləri yalnız texniki və fəhlə peşələri ilə məhdudlaşmayacaq:
“Yeni müəssisələrin fəaliyyətə başlaması ilə texniki işçilərlə yanaşı, ixtisaslı kadrlar üçün də geniş vakansiyaların yaranacağı gözlənilir. Xüsusilə mühəndislər, geoloqlar, mədən ölçməçiləri (geodezistlər) və əməyin təhlükəsizliyi üzrə mütəxəssislər üçün yeni iş imkanlarının formalaşması mümkündür.
Bu baxımdan, dağ-mədən və metallurgiya sənayesinin inkişafı həm istehsal və ixrac potensialının artırılması, həm də regionlarda məşğulluğun genişləndirilməsi baxımından əhəmiyyətli istiqamətlərdən biridir”.

