Milli Məclisin deputatı Vüqar Bayramov Çinin paytaxtı Pekində keçirilən Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) IV İnkişaf Forumu çərçivəsində təşkil olunan yüksək səviyyəli dəyirmi masada çıxış edib.
Yenigun.Media xəbər verir ki, deputat çıxışı zamanı Azərbaycanın kosmik sənayesinin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi imkanlarından danışıb.
Vüqar Bayramov son illərdə ölkəmizdə rəqəmsal inkişaf istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə iştirakçılara məlumat verib. O, kosmik sənayenin inkişafında özəl sektorun iştirakının artırılmasının, eləcə də müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Deputat qeyd edib ki, Azərbaycan “Kosmos sülh üçün” prinsipinə uyğun olaraq kosmik xidmətlər vasitəsilə regionda sülhün və əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Eyni zamanda, kosmik xidmətlər dayanıqlı iqtisadi inkişafın mühüm istiqamətlərindən birinə çevrilir.
Azərbaycanda kosmik xidmətlərin ixrac potensialına toxunan Vüqar Bayramov bildirib ki, “Azərkosmos” “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyanın 50-yə yaxın ölkəsində 200-ə yaxın müştəriyə xidmət göstərir.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar-avqust aylarında dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə 17,4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Həmin dövrdə ümumi gəlirlərin 61 faizi ixrac əməliyyatlarının payına düşüb.
Peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beşlikdə 2,8 milyon dollarla Birləşmiş Krallıq, 2,1 milyon dollarla Lüksemburq, 874,7 min dollarla Türkiyə, 776,5 min dollarla Pakistan və 437,2 min dollarla Tanzaniya yer alıb.
Dəyirmi masa çərçivəsində deputat iştirakçıların kosmik sahədə dövlət siyasəti və dövlət-özəl tərəfdaşlığı ilə bağlı suallarını da cavablandırıb.
Qeyd edək ki, “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusuna həsr olunan IV İnkişaf Forumunda dünyanın 30-dan çox ölkəsindən 300-dən artıq nümayəndə iştirak edir.
Yenigun.Media

