Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Üçrəngli bayrağımız xalqımızın milli kimliyini, dövlət müstəqilliyini və suverenliyini təcəssüm etdirən ən müqəddəs rəmzlərimizdən biridir.
Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Dövlət Bayrağı Günü münasibətilə paylaşımında bildirib ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Deputat Ümummilli Lider Heydər Əliyevin bayraq haqqında fikirlərini xatırladaraq qeyd edib ki, Azərbaycan bayrağı sadəcə bir dövlət atributu deyil, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir.
Vüqar Bayramov diqqətə çatdırıb ki, hazırda Azərbaycanın bütün suveren ərazilərində dalğalanan üçrəngli bayrağımız xalqımızın qürur mənbəyidir. Onun sözlərinə görə, Bakıdakı Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan bayrağı 6 noyabr 2024-cü ildə dünyanın ən böyük dalğalanan bayrağı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Ölçüləri 36×72 metr, sahəsi 2564,02 kvadratmetr olan bayrağın çəkisi 500 kiloqramdan çoxdur.
Deputat bildirib ki, hər bir dövlətin bayrağı onun tarixi, milli kimliyi və müstəqilliyinin ifadəsidir. Danimarkanın milli bayrağı Dannebrog dünyanın ən qədim davamlı istifadə olunan milli bayrağı kimi tanınır və onun sənədləşdirilmiş istifadəsi XIV əsrə gedib çıxır.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan bayrağının işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalanması tarixi Zəfərimizin və milli birliyimizin ən böyük rəmzlərindəndir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfərdən sonra azad edilmiş ərazilərə ilk səfərlərində həmin torpaqlarda üçrəngli bayrağımızı ucaltması Azərbaycan tarixinin unudulmaz səhifələrindəndir.
Dövlət Bayrağı Günümüz mübarək! Üçrəngli bayrağımız daim ucalarda dalğalansın!

