Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanın regional nəqliyyat bağlantılarının genişləndirilməsində artan rolunu və Zəngəzur dəhlizinin ölkə iqtisadiyyatı üçün perspektivlərini dəyərləndirib.
Deputat bu barədə Yenigun.Media-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nəqliyyat bağlantılarının əhəmiyyətinə xüsusi diqqət çəkməsi ölkəmizin regional və beynəlxalq nəqliyyat sistemindəki strateji mövqeyini bir daha nümayiş etdirir.
V.Bayramovun sözlərinə görə, beynəlxalq nəqliyyat bağlantılarının inkişafı üçün qonşu dövlətlərlə münasibətlərin normal və konstruktiv müstəvidə olması mühüm şərtdir. Bu baxımdan regionda yaranan yeni siyasi və iqtisadi imkanlar Azərbaycanın tranzit potensialının daha da genişlənməsinə şərait yaradır.
Deputat qeyd edib ki, Zəngəzur dəhlizi və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin reallaşması regional nəqliyyat xəritəsində ciddi dəyişikliklərə səbəb olacaq.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində avtomobil yolunun 95 faizi, dəmir yolunun isə 75 faizi artıq inşa edilib. Ermənistan parlamentinin ABŞ ilə TRIPP layihəsi üzrə Strateji Əməkdaşlıq Çərçivə Sazişini ratifikasiya etməsi də layihənin reallaşması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilə bilər.
V.Bayramovun diqqətə çatdırdığına görə, Zəngəzur dəhlizinin illik ötürmə qabiliyyətinin 15 milyon ton olması nəzərdə tutulur. Dəhlizin istifadəyə verilməsi Orta Dəhlizin ümumi ötürmə imkanlarını 10–12 milyon ton artırmaq potensialına malikdir.
Deputat vurğulayıb ki, Ermənistan ərazisindən keçən 42 kilometrlik hissənin tamamlanması və marşrutun tam fəaliyyətə başlaması Asiya ilə Avropa arasında yükdaşımaların sürətlənməsinə, daşınma müddətinin isə 12–15 günədək azalmasına imkan verə bilər.
Milli Məclisin deputatı hesab edir ki, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın tranzit imkanlarının genişlənməsi deyil, bütövlükdə region ölkələri üçün yeni iqtisadi fürsətlərin yaranması deməkdir.
Onun fikrincə, qitələrarası ticarət dövriyyəsinin 200 milyard dollar artacağı proqnozları fonunda yüklərin 10–15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınması Azərbaycanın illik tranzit gəlirlərinin 3 milyard dollara çatmasına imkan yarada bilər.
V.Bayramov əlavə edib ki, bu layihələr Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyini gücləndirməklə yanaşı, regionda dayanıqlı sülhün iqtisadi dividendlərinin əldə edilməsinə də xidmət edəcək.
Yenigun.Media

